Azərbaycan millisinin basketbolçusu: Ermənistan yığmasının favorit olmadığını bilirdik – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan millisinin basketbolçusu: Ermənistan yığmasının favorit olmadığını bilirdik

Bakı, 10 iyun, AZƏRTAC

“Yarış bizim üçün çox yaxşı keçdi. Əlbəttə ki, bu nəticəni gözləyirdik. Düzdür, turnirə qısamüddətli hazırlıq prosesi keçsək də, uğurlu alındı”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın kişi basketbolçulardan ibarət 3×3 millisinin üzvü Amil Həmzəyev Kosovonun paytaxtı Priştina şəhərində keçirilən Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanmaları barədə danışarkən deyib.

33 yaşlı basketbolçu turnirin ilk oyununda Ermənistan millisi üzərində əldə edilən nəticənin komandaya əlavə güc verdiyini bildirib: “Ermənistan yığmasının favorit olmadığını bilirdik. Turnirdə ilk dəfədir iştirak edirdilər. Heyətləri gənc oyunçulardan qurulub. Lakin biz də boşluq verməmək üçün çalışırdıq. Psixoloji olaraq da matça tam hazır idik. Hətta legioner basketbolçumuz Cordan Devis də hər iki ölkə arasında olan münasibətlərdən xəbərdar idi. O da görüşə fərqli yanaşırdı”.

Avstriyanın paytaxtı Vyanada təşkil olunacaq final mərhələsinin oyunları barədə fikirlərini bölüşən A.Həmzəyev deyib: “2014-cü və 2022-ci ildə Avropa Kubokunun əsas mərhələsinin qrupunda oynamışıq. Təəssüf ki, qrupu adlaya bilməmişdik. Çalışacağıq ki, addım-addım nəticə qazanaq”.

Azərbaycan millisi qrup mərhələsində Ermənistan, Kosovo, Kipr və Albaniya seçmələrini məğlub edib. Yarımfinalda İrlandiyanı mübarizədən kənarlaşdıran yığma finalda Kiprə qalib gələrək Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa Kuboku 22-25 avqustda Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top