Azərbaycan MDB ölkələrinin Gənclər Teatr Forumunda təmsil olunur – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan MDB ölkələrinin Gənclər Teatr Forumunda təmsil olunur

Bakı, 3 iyun, AZƏRTAC

Qazaxıstanda MDB ölkələrinin 5-ci Gənclər Teatr Forumu başlayır.

AZƏRTAC tədbirin təşkilatçılarının mətbuat xidmətinə istinadla xəbər verir ki, iyunun 3-dən 9-dək dünyanın 9 ölkəsindən – Azərbaycan, Qazaxıstan , Rusiya, Belarus, Qırğızıstan, Moldova, Özbəkistan və Tacikistandan yaşı 35-ə qədər olan 200-dən çox rejissor, dramaturq, aktyor, səhnə rəssamı, teatrşünas Almatıda bir araya gələcək.

Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova qeyd edib: “Forum postsovet məkanında mədəni əlaqələrin qorunub saxlanılması və inkişafı kimi mühüm vəzifəni yerinə yetirir. Layihə yaradıcı gənclərə dəstəkdir, eyni zamanda, teatr sənətinin inkişafına mühüm töhfə verir və beynəlxalq mədəni qarşılıqlı əlaqə üçün yeni üfüqlər açır. Ünsiyyət platforması yaratmaqla, bu forum teatrın gələcəyini təyin edən gənc nəslə yaradıcılıq yüksəlişinə və inkişafına təkan verən fikir və təcrübə mübadiləsinə imkan yaradır”.

Genişmiqyaslı tədbirin proqramına tamaşalar, rəssamların kataloqları və gənc dramaturqların pyeslərinin təqdimatları, ustad dərsləri, seminarlar, tanınmış teatr xadimlərinin məruzələri daxildir.

Təşkilatçıların mesajında deyilir: “Forumun cəlbediciliyi daha çox onun məqsədləri ilə müəyyən edilir – postsovet məkanında mədəni əlaqələri qorumaq və inkişaf etdirmək, gənc teatr rəhbərlərini müəyyən etmək və birləşdirmək, bununla da MDB ölkələrinin yaradıcı gəncləri arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq formalarının genişləndirilməsinə kömək etmək”.

Peşəkar münsiflər heyəti qalibləri müəyyən edəcək, onlara pul mükafatları və MDB ölkələrinin Gənclər Teatr Forumunun birləşdirici simvolu olan qızıl, gümüş və bürünc çətir şəklində xatirə hədiyyələri təqdim olunacaq. Forumun ən yaxşı tamaşası A.P.Çexovun xatirəsinə həsr olunmuş 2025-ci ildə Moskvada keçiriləcək XVII Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Münsiflər heyətinin sədri, Rusiyanın Xalq artisti, Puşkin Teatrının bədii rəhbəri Yevgeni Pisarev, münsiflər heyətinin fəxri üzvü – Yaponiyadan olan rejissor “Çiten” Teatrının bədii rəhbəri Motoi Miura, üzvlər – rejissorlar Denis Azarov və Oleq Lipovetski, teatr və kino aktyoru Andrey Kuziçev və başqalarıdır.

Forum MDB-nin üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Beynəlxalq Teatr İttifaqları Konfederasiyası tərəfindən təşkil olunur.

Qeyd edək ki, MDB, Baltikyanı ölkələr və Gürcüstanın Gənclər Teatr Forumu üçillik formatda – üç ildə bir dəfə keçirilir. Forum 2012-ci ildə Kişineuda (Moldova), 2015-ci ildə Minskdə (Belarus), 2021-ci ildə Daşkənddə (Özbəkistan) baş tutub. Forumun mövcud olduğu 12 il ərzində iştirakçıların ümumi sayı bir min, tamaşaçıların sayı isə 20 min nəfərdən çox olub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top