MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Mahmud Vaezinin

Azərbaycan-İran əlaqələri genişlənir. FOTO

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən economic-ə verilən məlumata görə, Azərbaycanda səfərdə olan İran islam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-də Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşlar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, abidəsi önünə çiçək dəstələri düzmüşlər. İranlı qonaqlar həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmiş, “Əbədi Məşəl” kompleksinə əklil qoymuşlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İran nümayəndə heyətini qəbul etmişdir.

Sonra Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşmüşdür. Dünən Azərbaycanın Astara şəhərində Azərbaycan və İran nümayəndə heyətləri arasında keçirilmiş görüşün davamı olan tədbirdə ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılmışdır.

Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrimizin inkişafının Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 23-də İrana səfəri, səfər çərçivəsində keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul vermişdir. Dünən təməli qoyulan Astara çayı üzərində dəmir yolu körpüsü də həmin səfərin uğurlu nəticələrindəndir. Ümumilikdə isə, Prezident İlham Əliyevin 2014-cü ilin aprelində İran islam Respublikasına səfərindən sonra ölkələrimiz arasında 60-a yaxın qarşılıqlı səfər həyata keçirilmiş, 30-dan çox sənəd imzalanmış, Dövlət Komissiyasının iki iclası və bir sıra görüşlər təşkil olunmuşdur. Dövlət başçılarının son 2 ildə 6, son 2 ayda isə 2 görüşü keçirilmişdir ki, bu, ölkələrimiz arasında əməkdaşlığın strateji səviyyəyə yüksəldiyinin göstəricisidir.  

Nazir Şahin Mustafayev Mahmud Vaezini Azərbaycan-İran əlaqələrinin inkişafına verdiyi böyük töhfəyə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq ordeni” ilə təltif olunması münasibətilə təbrik etmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan və İran arasında möhkəm müqavilə-hüquq bazası yaradılmış, iqtisadi sahədə 40-dan çox olmaqla indiyədək 120 sənəd imzalanmışdır. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 53% artmışdır. Hazırda Azərbaycanda 439 İran şirkəti fəaliyyət göstərir. Azərbaycan və İran arasında Dövlətlərarası Komissiya, müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüş və sərgilər təşkil olunur.

Hazırda ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, bankçılıq, əczaçılıq, nəqliyyat və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülür. Bildirilmişdir ki, SOCAR ilə İran Milli Neft Şirkəti və Qədir İnvestisiya Şirkəti arasında Memorandumlar imzalanıb. Naxçıvan Muxtar Respublikasının tələbatını ödəmək məqsədilə Təbii Qazın Mübadiləsi (Swap) müqaviləsinin icrası davam etdirilir, qaz anbarlarından istifadəyə dair mövsümi rejim üzrə danışıqlar aparılır. İran vətəndaşlarına Naxçıvanda sərhəddə və hava limanında viza verilir.

Nazir Şahin Mustafayev bildirmişdir ki, Azərbaycan-İran əlaqələrinin vacib istiqamətlərindən olan nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi əlaqələrimizin genişlənməsinə öz töhfəsini verəcəkdir. Dəhlizin önəmli həlqələrinən olan Astara çayı üzərində dəmir yolu körpüsü də Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi, iqtisadi, ticarət və yükdaşımalar sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir. Nazir Şahin Mustafayev dəmir yolu körpüsünün yüksək keyfiyyətlə və vaxtında icra olunacağına əminliyini vurğulamışdır. Qeyd edilmişdir ki, 2016-cı ilin sonunadək Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik xəttin və yükaşırma terminallarının tikintisinin yekunlaşması nəzərdə tutulur. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin digər hissələrinin tikintisi üzrə də danışıqlar aparılır. Belə ki, 164 km-lik Rəşt-Astara (İran) dəmir yolunun maliyyələşdirilməsi və tikintisi üzrə müzakirələr aparılır.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında imzalanmış “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında” Sazişin tezliklə ratifikasiya edilməsinin əhəmiyyətini qeyd etmiş, elektrik enerjisinin satışı üzrə Çərçivə Sazişinin icrasının vacibliyini vurğulamışdır.

İqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-İran əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Nazir Şahin Mustafayev diqqətə çatdırmışdır ki, nəqliyyat, kənd təsərrüfatı, sənaye, əczaçılıq, səhiyyə, turizm, ikitərəfli və tranzit yükdaşımalarının artırılması, İranın Şərq-Qərb dəhlizinə qoşulması, Bakı-Astara-Təbriz-Naxçıvan və Naxçıvan-Təbriz-Tehran-Məşhəd dəmir yolu marşrutlarının həyata keçirilməsi, Azərbaycan şirkətlərinin İranın dəmir yollarının elektrikləşdirilməsi layihələrində iştirakı üçün geniş imkanlar mövcuddur. Bundan başqa, Azərbaycanın sənaye parklarına İran investorlarının cəlb edilməsi, birgə avtomobil istehsalı və əczaçılıq sahəsində əməkdaşlıq, ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, aqroparklarda əməkdaşlıq, İran şirkətlərinin Aktau Logistika Mərkəzindən istifadəsi, Yekaterinburqda Azərbaycan-İran-Rusiya birgə logistik mərkəzinin yaradılması və s. sahələrdə də əməkdaşlıq üçün geniş potensial var.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycanın yüksək mükafatına layiq görülməsinə görə Azərbaycan Respublikasının Prezidentinə dərin təşəkkür etmiş, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, Azərbaycan-İran əlaqələrinin heç zaman bu qədər yüksək səviyyədə olmadığını vurğulamışdır. Bildirilmişdir ki, Şimal-Cənub nəqliyyat dəhlizi və bu dəhlizin vacib hissələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsü də Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın, xüsusilə yükdaşımalar, turizm və ticarət əlaqələrinin genişlənməsi baxımdan əhəmiyyətlidir. Mahmud Vaezi iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivlərinə dair fikirlərini də bölüşmüşdür.

Sonra “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC, İranın “Iran Khodro” və “Darou Pakhsh” şirkətləri arasında Azərbaycanda avtomobil və dərman istehsalı sahəsində müştərək layihələrin icrası ilə bağlı 4 memorandum imzalanmışdır.

 Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və İranın “Darou Pakhsh” şirkəti arasında imzalanmış Azərbaycanda əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalının təşkili haqqında Anlaşma Memorandumuna əsasən, birgə yeni müəssisə yaradılacaq. Bu müəssisəni “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və “Darou Pakhsh” şirkəti birgə maliyyələşdirəcək. Müəssisədə ağrıkəsici, antibiotik və vitamin təyinatlı 52 adda dərman preparatlarının istehsalı nəzərdə tutulur. Dərman preparatları ilkin olaraq daxili bazar üçün nəzərdə tutulur. Müəssisənin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılması planlaşdırılır. Qeyd edək ki, İranın ən böyük əczaçılıq şirkəti olan “Darou Pakshs” 1956-cı ildən fəaliyyət göstərir. Şirkət vitamin və minerallar, ağrıkəsici və hərarət salıcı dərmanlar, kardiovaskulyar dərmanlar, astma əleyhinə preparatlar, antikonvulsantlar, antidepresantlar, dezinfeksiya preparatları, həzm sistemi dərmanları, peyvəndlər, dietik əlavələr və əvəzləyicilər, antihistaminlər, antidiabetiklər, baytarlıq preparatları və s. məhsullar daxil olmaqla 48 farmakoloji qrup üzrə 368 adda dərman istehsal edir. İstehsal etdiyi dərman preparatlarını Azərbaycan da daxil olmaqla dünyanın 20-dən çox ölkəsinə ixrac edir.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə İranın “Darou Pakhsh” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalı layihəsinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilməsi ilə bağlıdır. Memoranduma uyğun olaraq, tərəflər əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalı layihəsinin həyata keçirilməsi üçün “Darou Pakhsh”, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Holdinq” MMC-nin təsisçiliyi ilə yaradılacaq yeni şirkətin Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçməsi üçün lazımi prosedurları həyata keçirəcəklər.

Azərbaycanın “Azevrocar” MMC və İranın “İran Khadro” şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, şirkətlər Azərbaycanda minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalını həyata keçirəcəklər. İlkin olaraq layihə üzrə istehsal edilməsi məqsədəuyğun olan avtomobil modelləri müəyyənləşdiriləcək, sonra isə layihə üzrə Biznes Plan hazırlanacaq. Layihənin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi nəzərdə tutulur. Zavodun 2 ilə tikilməsi planlaşdırılır.

Tədbir çərçivəsində həmçinin, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azevrocar” MMC arasında avtomobil və müvafiq ehtiyat hissələrinin istehsalı layihəsinin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanmışdır. Memoranduma uyğun olaraq, “Azevrocar” şirkətinə Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunun verilməsi üçün şirkət müvafiq sənədləri hazırlayaraq AİŞ-ə təqdim edəcək. Bundan sonra isə layihənin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi üçün “Azevrocar” şirkətinə AİŞ tərəfindən sənaye məhəlləsinin iştirakçısı statusu veriləcək.

economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top