Azərbaycan Beynəlxalq Bankından media nümayəndələri üçün qeyri-adi təlim – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Beynəlxalq Bankından media nümayəndələri üçün qeyri-adi təlim

Ənənələrə sadiq qalan Azərbaycan Beynəlxalq Bankı milli mətbuatımızın 143-cü ildönümü münasibətilə media nümayəndələrini yeni və maraqlı bir formatda bir araya gətirib. Bank jurnalistlər, bloggerlər, jurnalist-tələbələr üçün “Jurnalistikada kommunikasiya effekti: ünsiyyətdən həmrəyliyə” mövzusunda təlim təşkil edib. Amma ənənəvi təlimlərdən fərqli olaraq media mənsubları bu dəfə hər hansı nəzəri mühazirə dinləməyiblər. Komanda şəklində yerinə yetirilən tapşırıqlar, qurulan strategiyalar və verilən birgə qərarlarla kommunikasiya proseslərinin birbaşa iştirakçısına çevriliblər.

Bankdan Economic-ə verilən məlumata görə, təlimi Azərbaycanın biznes məkanında kifayət qədər tanınmış – təlim, fərdi inkişaf və komanda quruculuğu üzrə korporativ məsləhətçi, Lego SP, Avropa Şurasının insan kapitalı eksperti Marina Daliba aparıb. Belə bir təlimin təşkilində məqsəd media nümayəndələri arasında əlaqələri, həmrəylik ruhunu gücləndirmək, onları komanda quruculuğu, kommunikasiya sahəsində yeni təcrübələrlə tanış etmək olub. Təlimə müxtəlif televiziya və radio qurumlarından, informasiya agentliklərindən, qəzetlərdən, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən, eləcə də fərdi jurnalistlər və bloggerlər arasından 60-dan çox iştirakçı qatılıb.

İştirakçılardan “Radio Antenn”-in aparıcısı Əzizə İsmayılova təəssüratlarını bölüşüb: “Olduqca enerjili, məhsuldar, maraqlı tapşırıqlarla zəngin zaman keçirdik. 5 saat ərzində hamımız pozitivə köklənmişdik. Hər birimiz üçün gözəl bir sürpriz oldu”.

Fed.az portalının baş redaktoru Əli Əhmədov isə təlimə dəvət alarkən, bunun ənənəvi treninqlərdən olacağını zənn etdiyini, lakin tamam fərqli təcrübə ilə qarşılaşdığını deyib: “Bu, əsl “team buldinq” tədbiri idi. Kommunikasiya proseslərində praktik şəkildə iştirak etdik, yeni təcrübələr öyrəndik. Media nümayəndələrinin bir-biri ilə yaxından tanışlığı, özlərini bir komandanın üzvü kimi hiss etmələri baxımından da belə tədbirlər çox faydalıdır”.

Anews.az portalının baş redaktoru Nailə Bağırova bildirib: “Bu layihə nəinki  jurnalist fəaliyyətimiz, gündəlik həyatımız üçün də çox gərəklidir. Komanda işinin nə qədər vacib olduğunu və onun istifadəsinin nə qədər xeyir gətirdiyini təlim gedişində praktik olaraq hiss etdik. Bu cür təlimlərin bütün sahələrdə keçirilməsini çox arzulayardım”.

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova isə deyib: “Məqsədimiz media nümayəndələrimiz üçün faydalı olmaq, onların fərdi inkişafına, eyni zamanda peşə həmrəyliyinə töhfə verməkdir. Təlimdə iştirak edən qonaqlarımız ümid edirik ki, maraqlı təcrübələrlə yanaşı, yeni dostluqlar da qazandılar. Azərbaycan Beynəlxalq Bankı olaraq bu cür tədbirləri yenə davam etdirmək niyyətindəyik”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top