MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

nazir

Azərbaycan-AYİB əlaqələri müzakirə edilib

Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 24-də Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşdur. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edərək, abidəsi önünə çiçək dəstələri düzmüşlər. AYİB nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmişdir.

Sonra iqtisadiyyat naziri, AYİB-də Azərbaycandan müdir Şahin Mustafayev AYİB prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Şahin Mustafayev yenidən AYİB prezidenti seçilməsi münasibəti ilə Suma Çakrabartini təbrik etmiş, fəaliyyətində uğurlar arzulamışdır. Qeyd edilmişdir ki, Azərbaycanda AYİB ilə əlaqələrə böyük önəm verilir və Suma Çakrabartinin ölkəmizə səfərləri Bank ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın genişlənməsinin göstəricisidir. Azərbaycan AYİB-in dövlət və özəl sektorun inkişafına göstərdiyi maliyyə dəstəyini yüksək qiymətləndirir. Beynəlxalq maliyyə institutları, o cümlədən, AYİB-lə birgə həyata keçirilən layihələrdə qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir.

İndiyədək AYİB tərəfindən Azərbaycana 164 layihə, o cümlədən özəl sektorda 154 layihə çərçivəsində 2,9 mlrd. ABŞ dolları məbləğində kredit ayrılmışdır. Bankın ölkəmizdəki fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı, nəqliyyat sahələrinə yönəlmiş, həmçinin banklara kredit xəttinin açılması, özəl şirkətlərə birbaşa kredit ayrılması və s. kimi sahələri əhatə edir.

Azərbaycan və AYİB arasında korporativ idarəetmə, infrastuktur, özəl sektor və s. sahələrdə əməkdaşlığın davam etdiyini qeyd edən Şahin Mustafayev Cənub Qaz Dəhlizinin önəmli hissələrindən olan TANAP layihəsi, eləcə də tranzit sahəsində bankla əməkdaşlıq imkanlarını vurğulamışdır. Hazırda Ələtdə azad ticarət zonasının təşkili istiqamətində işlər görülür. Şahin Mustafayev ilkin mərhələdə texniki dəstək olmaqla bu sahədə AYİB-lə əməkdaşlıq perspektivlərini diqqətə çatdırmışdır.

Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, son zamanlar müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq sahəsində həyata keçirilən islahatlar barədə məlumat vermiş və vurğulamışdır ki, sahibkarlıq sahəsində yoxlamalar dayandırılmış, lisenziyaların və icazələrin sayı kəskin azaldılmış, gömrük prosedurları sadələşdirilmiş, Apelyasiya Şuraları yaradılmış, maliyyə bazarlarına nəzarət gücləndirilmiş, investisiyaların təşviqi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Bütün bunlar isə özəl sektorla AYİB arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır.

AYİB prezidenti Suma Çakrabarti yenidən AYİB prezidenti seçilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür etmiş, məqsədinin inkişaf etməklə olan ölkələrə dəstək göstərmək olduğunu və bu istiqamətdə səylərini daha da artıracağını vurğulamışdır. Təkcə ötən 2015-ci ildə AYİB-in Azərbaycanda 9 layihəyə maliyyə dəstəyi göstərildiyini vurğulayan Suma Çakrabarti infrastruktur, turizm, xüsusi iqtisadi zonaların yaradılması sahəsində əməkdaşlığın mümkünlüyünü qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top