Azərbaycan arıçıları öz məhsullarını daha çox ərəb ölkələrinə satırlar - Nazirlik - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan arıçıları öz məhsullarını daha çox ərəb ölkələrinə satırlar – Nazirlik

Azərbaycanın arıçılıq məhsulları bazarına xaricdə, xüsusən də ərəb ölkələrində çox böyük tələbat var.

Economic.Az Trend-ə istinadən bildirir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycana gələn ərəblər də burada yerli bala çox böyük maraq göstərirlər:

“Bu gün Azərbaycanda öz məhsullarını xaricə, hətta Yaponiyaya belə ixrac edən arıçılar var. Bu gün arıçılar öz məhsullarını daha çox ərəb ölkələrinə satırlar. Nazirlik olaraq, bizim əsas işimiz təşviqatdır. Biz bu məhsulları təşviq edərək ölkəyə əlavə valyutanın gəlməsinə imkan yarada bilərik”.

V.Hüseynov deyib ki, hazırda Azərbaycana xarici ölkələrdən, xüsusilə Almaniyadan cins arı ailələri idxal edilir.

O, arı ailələrinin ölkəyə idxalının dövlət tərəfindən tənzimlənmədiyini, bu işin arıçıların özləri tərəfindən həyata keçirildiyini də nəzərə çatdırb:

“Azərbaycana xaricdən arı cinsləri gətirilsə də, sahibkarlar çox sayda arı ailələri gətirə bilmirlər. Çünki arı çox həssasdır, onun yerli şəraitlə uyğunlaşdırılması məsələsi var”.

Almaniyadan gətirilən arıların çox məhsuldar olduğunu nəzərə çatdıran V.Hüseynov qeyd edib ki, Azərbaycanda ən yaxşı arıçı bir arı yeşiyindən 15-20 kq arı götürə bilir. Almaniyada isə bir yeşikdən 50 kq-dan az bal götürüldükdə, bunu arıda, yaxud təbiətdə yaranan problemin nəticəsi hesab edirlər:

“Almaniyada arı yeşiklərinin yanında nektarı çox olan xaşa bitkisi əkilir. Qobustanda bu bitkini əkən bəzi arıçılar Almaniyadakı nəticəni əldə edərək 1 yeşikdən 80 kq bal götürə bilirlər”.

V.Hüseynov qeyd edib ki, Azərbaycanın özündə dünyada çox yaxşı tanınan – Qafqaz sortu olan yaxşı arı ailələri də var: “Genofondumuzu qorumaq üçün laboratoriya şəraitində həmin arı ailələrinin artırılması istiqamətində işlər görülməlidir. Nazirin göstərişi ilə bu sahədə işlər görüləcək”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top