MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

avro 2020

“Avro-2020”: Bu gün Türkiyə millisi Bakıda Uels yığması ilə üz-üzə gələcək

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına start veriləcək.

Günün ilk matçı B qrupunda yer alan komandalar arasında oynanılacaq. İlk turda Danimarkaya millisinə gözlənilmədən qalib gələn Finlandiya seçməsi birinci matçda Belçikaya 0:3 hesabı ilə uduzan Rusiya yığmasının qonağı olacaq. Sankt-Peterburqdakı eyniadlı arenada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu niderlandlı referi Denni Makkeli idarə edəcək. Hazırda finlandiyalılar 3 xalla qrupda 2-ci, xalı olmayan rusiyalılar isə sonuncudur.

Günün ikinci oyununda Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uels seçməsi ilə qarşılaşacaq. Çempionatın açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan “ay-ulduzlular” üçün bu qarşılaşma mühüm əhəmiyyət daşıyır. Uels seçməsi Bakı Olimpiya Stadionunda keçirilən birinci görüşdə İsveçrə ilə heç-heçə edib – 1:1.

“Ay-ulduzlular” Uels ilə sonuncu dəfə 24 il əvvəl üz-üzə gəliblər. İstanbulda oynanılan həmin görüşdə qardaş ölkənin təmsilçiləri 6:4 hesabı ilə qələbə qazanıblar. Komandalar ümumilikdə 6 rəsmi matçda qarşılaşıblar. Həmin oyunların 2-də qalib gələn Türkiyə yığması 3 görüşdə uduzub. Top nisbəti də Uels yığmasının xeyrinədir – 7:10.

Türkiyə milli komandası Uels ilə oyunda 98 illik tarixində 594-cü oyununa çıxacaq. Həmin görüşlərin 226-da qalib gələn Türkiyə 225 görüşdən məğlub ayrılıb, 142 oyunda isə heç-heçə edib. Şenol Günəşin rəhbərliyi ilə indiyədək keçirdiyi 54 rəsmi oyunun 30-nu qələbə ilə başa vuran Türkiyə millisi 11 görüşdə uduzub, 13 matçda isə meydandan “sülh”lə ayrılıb. Bu görüşlərdə 96 qol vuran komanda qapısından 51 top buraxıb.

Saat 20:00-da start götürəcək oyunun baş hakimi portuqaliyalı Artur Diaş olacaq. Şenol Güneşin baş məşqçi olduğu kollektiv hazırda qrupda xalsız yeganə komandadır. Bir xalı olan Uels millisi isə İsveçrə ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.

Günün son görüşü A qrupunun hazırkı lideri İtaliya millisi və İsveçrə seçməsi arasında olacaq.

Romadakı “Olimpiko” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu bu gün Türkiyə-Uels, dörd gün sonra İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.

“Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top