Auditorlar Palatası ilə İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu arasında işgüzar görüş olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Auditorlar Palatası ilə İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu arasında işgüzar görüş olub

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin proqram xarakterli göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə iyulun 5-də Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (ICPAI) arasında mövcud olan Anlaşma Memorandumuna uyğun olaraq növbəti işgüzar görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Auditorlar Palatasının sədri Vahid Novruzov İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun prezidenti Çen Şrayberi və rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq peşənin inkişafı naminə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Sədr dövlətimizin başçısı tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində ölkədə həyata keçirilən iqtisadi islahatlardan və bu istiqamətdə peşənin üzərinə düşən vəzifələrdən bəhs edib.

O, həmçinin hər iki qurumun nümayəndələrinin iştirakı ilə “Yaşıl iqtisadiyyat şəraitində uçotun və auditin aparılması”na dair birgə konfransın keçirilməsini təklif edib.

Çen Şrayber öz növbəsində əməkdaşlığın gücləndirilməsinin hər iki qurumun üzvləri üçün faydalı olacağından bəhs edərək, “Yaşıl iqtisadiyyat” üzrə birgə konfransın keçirilməsinə öz müsbət fikrini ifadə edib.

Daha sonra sədrin müşaviri Fəqan Qarayev və israilli həmkarları Adi Grinbaum, Haim Assayag və Roi Katz arasında birgə təlimlərin keçirilməsi üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, 1931-ci ildə yaradılmış, Beynəlxalq Mühasiblər Federasiyasının qurucularından və 1977-ci ildən həmin qurumun üzvü olan İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu hazırda 12 minədək üzvə malik olmaqla İsrailin bütün ərazisində mühasibatlıq və audit peşələrinin inkişafında mühüm rol oynayan peşəkar milli qurumdur.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top