MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

nazir

Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulmuşdur. FOTO

Nazir Şahin Mustafayev: “Bu, Azərbaycan-İran əməkdaşlığında yeni mərhələnin başlanğıcı olacaq” 

Nazirlikdən economic-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İrana sonuncu səfəri çərçivəsində imzalanmış Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişinə və Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında müqaviləyə uyğun olaraq, aprelin 20-də Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulmuşdur.

Təməlqoyma mərasimində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri – Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, eləcə də Azərbaycan və İranın aidiyyəti qurumlarının yüksək vəzifəli nümayəndələri iştirak etmişlər.

İqtisadiyyat naziri Şahin Mustafayev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Respublikasının ərazisində Astara dəmir yolu stansiyasından İran İslam Respublikasının sərhədinə kimi olan 8,3 km-lik yolda aparılan işlərlə tanış olmuş, yolun torpaq yatağına baxmışlar. Hazırda ərazidə 100-ə yaxın texnika işləyir. Əraziyə 20 min kubmetr qum, 17 min kubmetr daş, 30 min kubmetr çınqıl gətirilib.

Tədbirdə çıxış edən nazir Şahin Mustafayev Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə sürətlə inkişaf etdiyini, möhkəm təməllər üzərində qurulan çoxşaxəli münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamışdır. Bildirilmişdir ki, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının siyasi iradəsi, eləcə də qarşılıqlı səfərləri və keçirilən görüşləri mühüm rol oynayır. Azərbaycan Respublikası Prezidentinin 23 fevral tarixində İran İslam Respublikasına səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər əlaqələrimizin inkişafında xüsusilə əhəmiyyətlidir. Bu gün təməli qoyulmuş dəmir yolu körpüsünün tikintisi də məhz həmin səfər zamanı imzalanmış Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişinə və ölkələrimizin dəmir yolu qurumları arasında Müqaviləyə uyğun olaraq reallaşdırılacaqdır.

Bildirilmişdir ki, dövlət başçılarının həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət və aparılan islahatlar öklələrimizin inkişafına xidmət etməklə bərabər, ikitərəfli və transmilli layihələr üzrə daha fəal əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Azərbaycan və İran nəqliyyat sahəsində, eləcə də alternativ dəhlizlərlə müqayisədə tranzit vaxtı və xərclər baxımından rəqabətqabiliyyətli olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində fəal əməkdaşlıq edir. Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə əks istiqamətdə daşımaların həyata keçirilməsi planlaşdırılır ki, bu da hər il milyonlarla ton yükün ölkələrimiz üzərindən tranzit keçidi deməkdir. İlkin mərhələdə dəhliz vasitəsilə 5 mln. ton, növbəti mərhələdə isə 10 mln. tondan artıq yükün daşınması proqnozlaşdırılır. Bu isə ölkələrimizin tranzit potensialının reallaşdırılmasında, əlavə gəlirlər əldə olunmasında, yeni iş yerlərinin yaradılmasında və ölkələrimizin regionda iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsində önəmli olacaqdır.

Tikintisi planlaşdırılan dəmir yolu körpüsü isə ölkələrimiz arasında yük dövriyyəsinin artımına səbəb olacaq. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olacaq dəmir yolu körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. 3 aşırımlı və 4 dayaqlı olmaqla layihələndirilən körpünün üzərində hər 2 istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq. Dəmir yolu körpüsünün tikintisi xərcləri Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək. Körpünün tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Bu, dəhlizin 1-ci mərhələsi hesab olunan Azərbaycan Respublikasının ərazisində Astara dəmir yolu stansiyasından İran İslam Respublikasının sərhədinə kimi 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik dəmir yolu xəttinin və yükaşırma terminalının tikintisi işlərinin tamamlanacağı vaxt ilə üst-üstə düşür. Bununla da, ölkələrimizin dəmir yolu şəbəkələrinin birləşdirilməsinə və dövlət başçılarının qarşımızda qoyduğu vacib və tarixi bir missiya həyata keçirilmiş olacaq.

Nazir Şahin Mustafayev Azərbaycanın gələcəkdə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İranla fəal əməkdaşlığını davam etdirəcəyini və dəhlizin mümkün qısa müddətdə inkişafı və əlverişliyi istiqamətində aktiv tədbirlər görüləcəyini vurğulamışdır.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi İran və Azərbaycan prezidentlərinin ölkələrimiz arasında əlaqələrin inkişafını daim diqqətdə saxladığını, bu gün təməli qoyulmuş dəmir yolu körpüsünün də məhz hər iki ölkə rəhbərinin siyasi iradəsinin və əməkdaşlığın inkişafına verdikləri önəmin göstəricisi olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Astara çayı üzərində dəmir yolu körpüsü Azərbaycan və İran arasında iqtisadi və ticarət əlaqələrinin daha da inkişafında, xüsusilə yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli olacaqdır.

 

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top