MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

ASF Azersun

Aqrar Sığorta Fondu və «Azərsun Holdinq» aqrar sığorta barədə müzakirə aparıblar

ECONOMİC: İyulun 9-da Aqrar Sığorta Fondu və ölkənin ən böyük aqrar sənaye qruplarından olan «Azərsun Holdinq» şirkətinin rəhbərliyi arasında görüş keçirilib.

Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqovla «Azərsun Holdinq»in prezidenti Abdolbarı Gozalın görüşündə Azərbaycanda tətbiq edilən dövlət dəstəkli aqrar sığorta mexanizmi, aqrar sığortanın tətbiqinin əhəmiyyəti və onunla bağlı məsələlər müzakirə edilib.

Eləcə də, görüşdə müzakirə edilən məsələlərdən biri əkinlərin quraqlıq risklərindən sığortası imkanları ilə bağlı olub.

Aqrar sahədə risklərin minimuma endirilməsi məqsədilə, kənd təsərrüfatı və əkinçiliklə məşğul olan şəxslərin suvarma zamanı daha qənaətcil üsullar və avadanlıqlardan istifadə etməsinin zəruriliyi vurğulanıb.

Həmçinin görüşdə aqrar sığorta sahəsində əhalinin və fermerlərin maarifləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Ölkənin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” və Aqrar Sığorta Fondu arasında əməkdaşlığın dərinləşdirilməsi və mütəmadi olaraq Azərbaycanda aqrar sığortanın təbliğ edilməsi istiqamətində görüşlərin təşkil edilməsi barədə qərar  qəbul edilib.

Xatırladaq ki, Azərbaycanda aqrar sığorta mexanizmi – fermer və iş adamlarına dəstək, onların risklərdən qorunması, aqrar sahənin təhlükəsiz biznes sektoruna çevrilməsi və bu sahəyə investisiyaların cəlb edilməsi məqsədilə 2020-ci ildən tətbiq edilir.

İlk aqrar sığorta müqaviləsi 2020-ci il noyabrın 3-də cəbhə bölgəsi olan Tərtər rayonunda imzalanıb. 2021-ci ilin iyunun 29-da isə Göygöl rayonunda ilk sığorta ödənişi həyata keçirilib.

Hazırda aqrar sığorta mexanizmi vasitəsilə 14 bitki və əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını (südlük inəkləri) və akvakultura məhsullarını (balıqçılıq təsərrüfatlarını) sığortalamaq mümkündür.

Yaxın vaxtlarda aqrar sığortanın əhatə etdiyi risklərin və sığortalanan məhsulların dairəsinin genişlənəcəyi, ətlik mal-qara, qoyun və keçi təsərrüfatlarının da sığortalanacağı, sığortalanan bitkilərin siyahısınin isə indiki 14-dən 40-a qaldırılacağı  gözlənilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top