MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

A.Acalov

Aqil Acalov iş adamlarını sərt tənqid etdi: “Onlar öz ciblərini düşünürlər”-MÜSAHİBƏ

Gənc federasiyalardan biri olmasına baxmayaraq, qısa müddət ərzində böyük işlər görüb, uğurlar qazanıb Azərbaycan Alpaqut Federasiyası. Bütün çətinliklərə, problemlərə baxmayaraq, bu idman növünü tanıtmağa, inkişaf etdirməyə çalışıblar alpaqutçular. Bu təbliğatda Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalovun rolu danılmazdır.
Federasiya prezidenti vətənpərvərlik aşılayan, tariximiz olan alpaqutun inkişafında çəkdikləri çətinliklərdən söz açaraq Economic.az  saytına müsahibə verdi.

– Yeni yaranan federasiya olduğunuz üçün yəqin ki, çətinlikləriniz olur. Olimpiya idman növlərinin inkişafı üçün yaradılan şərait göz qabağındadır. Bəs qeyri-olimpiya idman növlərində vəziyyət necədir?

– Bu gün dövlətin idman və vətənpərvərlik layihələrinə çox böyük dəstəyi var. Heydər Əliyev Fondunun da bu sahədə rolu çox önəmlidir. İdman bir təbliğat formasıdır. Beynəlxalq turnirlərdə dövlətimizi tanıtdırmaq, bayrağımızı qaldırmaq, himnimizi səsləndirmək önəmlidir. İdmanın pisi, yaxşısı yoxdur. Hamısı sağlam həyat tərzini təbliğ edir. Amma bu gün tanınmış idman növlərinə, digər millətlərin yaratdıqları idman növlərinə münasibət çox yaxşıdır. İş adamları, şirkətlər onlara daha çox sponsorluq edirlər. Vətənpərvərlik layihələrinə, milli mövzulara isə biganə yanaşırlar. Elə hesab olunmasın ki, mən hansısa idman növünə edilən sponsorluqlara yaxşı baxmıram. Hər birinin inkişafı önəmlidir. Amma axı alpaqut idman növü bizim özümüzündür. Bu idmanda millilik var, vətənpərvərlik var, tariximiz var, döyüş mədəniyyətimiz var, hərb sənətimiz var. Mən multikultural, tolerant biriyəm. Amma öz dinim, millətim, xalqım mənim üçün birinci yerdə dayanır. Təəssüf ki, bu gün iş adamlarımız istər idman olsun, istərsə də digər sosial-ictimai layihələr olsun, vətənpərvərlik mövzusunda çox passivdirlər.
– Bunun səbəbi nədir?
– Öz maraqlarını güdmələri… Çünki onları maddi gəlirləri maraqlandırır. Əslində onların biznes maraqlarını güdmələri də başa düşüləndir. Bəs yaxşı, belə olan halda vətənpərvərliyi kim düşünməlidir? Bu gün bəzi idman növləri var ki, sponsor axtarışına çıxanda çox asanlıqla müsbət cavab alırlar, çünki tanınırlar. Biz yeni yaranmış federasiyasıyıq. Bizdə millilik var. Bu, bizim özümüzünküdür. Amma biz ortaya vətənpərvərlik adı qoyanda hamısı qaçırlar.
Elə hesab etməyin ki, biz başqa federasiyalara qısqanc yanaşırıq. Sağlamlıq baxımından, ölkəmizi dünyada tanıtmaq baxımından hər bir idman növü önəmlidir. Qoy inkişaf etsinlər, daha da irəli getsinlər. Biz də başımızı aşağı salıb öz işimizlə məşğuluq. Gördüyümüz iş göz qabağındadır. Kimlər üçünsə rəqibə çevrilmişiksə, bu, onların problemidir.
– Siz sponsorluq üçün müraciət etdikdə nə üçün imtina edirlər?
– Deyirlər, tanınmırsınız. Bu, çox absurd və gülünc bir şeydir. Axı alpaqutda millilik var, tariximiz var. Əslində elə çıxmasın ki, biz qapı-qapı düşüb sponsor axtarırıq. Amma təkliflərimiz olur və böyük əksəriyyəti boşa çıxır. Lakin başqa millətlərə məxsus olan idman növləri olanda sponsorluq təklifini asanlıqlar qəbul edirlər. Bu gün iş adamları idmana sırf prestij xatirənə sponsorluq edirlər. Düzdür, vətənpərvər iş adamlarımız da var. Amma təəssüf ki, böyük əksəriyyəti öz maraqlarını düşünür. Yaxşı bəs idmanın digər növlərinə sponsurluq edirsinizsə, öz döyüş sənətimiz olan alpaquta niyə belə ögey münasibət göstərirsiniz?
Bu idman növü tək biz alpaqutçuların deyil. Hər birimizindir, hamımıza lazımdır. Biz bunu inkişaf etdiririksə, öz cibimizdən pul xərcləyiriksə, niyə qapı-qapı düşüb sponsorluq üçün yalvarmalıyıq ki?
Onu da deyim ki, bu hal yalnız idmanla bağlı deyil. Mədəniyyət sahəsində, sosial-ictimai layihələrdə də belə problemlər var. Şirkətlər də, iş adamları da ölkə üçün önəmli olan layihələrdə deyil, yalançı parıltılarda, sənətdən uzaq tədbirlərdə sponsor olaraq görünürlər. Qadın paltarı geyinib səhnəyə çıxanlara və ya soyunub konsert verənlərə asanlıqla sponsorluq edirlər.
– Amma alpaqut bir idman növü olaraq kifayət qədər tanınır axı…
– Bəli, yeni yaranan federasiya olmağımıza baxmayaraq, Azərbaycanda uzun illər fəaliyyət göstərən qeyri-olimpiya idman növlərindən öndəyik, onlara nümunəyik. Bizim fəaliyyətimiz göz qabağındadır. Təkcə Azərbaycanda yox, dünyanın 22 ölkəsində fəaliyyət göstəririk. 4 ildir yaranmış federasiyanın bu cür uğurlu fəaliyyət göstərməsi sizə asan gəlməsin. Fəaliyyətimizdə vətənpərvər insanların, xeyriyyəçi dostlarımızın da böyük rolu olub. Həmçinin dövlətimizin, medianın da çox böyük dəstəyi var. Buradan hər zaman yanımızda olan dostlarımıza, iş adamlarına, media nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Amma iş adamlarının böyük əksəriyyəti hansısa bir önəmli layihəmiz, yarışımız olanda qaçırlar.
– Hətta bildiyim qədəri ilə alpaqutçular özləri yarışların keçirilməsində təşkilati işlərlə yanaşı, maddi dəstək olurlar…
– Bəli, biz Alpaqut Federasiyasının kollektivi və idmançılar olaraq, öz boğazımızdan kəsib bu idman növünün tanıtımına, inkişafına, təbliğatına xərcləyirik. Öz gücümüzə bu idman növünü bu qədər yüksəyə qaldıra bilmişik. Amma daha böyük layihələr etmək, bu işi daha irəlilərə aparmaq üçün maliyyəyə ehtiyacımız var. Biz müharibə şəraitində olan ölkəyik. Biz millətimizi oyanıq ruhda, döyüşkən ruhda saxlamağa çalışırıq.
– Federasiya olaraq, sizə maliyyə gərəkli olduğu halda, sizin özünüzü xeyriyyə tədbirlərində tez-tez görürük…
– Ətrafımızda yaxşı dostlarımız var. Onların sayəsində xeyriyyə tədbirlər də edirik. Bu gün sosial-ictimai layihələrdə iştirak etməkdə məqsədimiz o deyil ki, alpaqut tanınsın. Biz cəmiyyətə göstərmək istəyirik alpaqut cəmiyyətimizə lazımdır. Hər şeyi dövlətin üzərinə atmaq olmaz. Hər bir insan öz vətəndaşlıq borcunu yerinə yetirməlidir. Bu, böyük-böyük vətənpərvərlikdən, millətçilikdən danışıb, əməldə heç nə etməyənlərə aiddir. Sosial şəbəkələrdə pafoslu danışıb, profili bayraqla bəzəməklə vətənpərvərlik olmur. Belələri ortaya bir iş çıxarmırlarsa, ən azından sussunlar. Vətən, millət deyib, bayrağı qaldırıb, boş-boş danışmasınlar. O insanlar danışsınlar ki, milli maraqlarını maddi maraqlardan üstün tuturlar.
– Qarşıda hansı layihələr var?
– Bizim bir dəst-xəttimiz var və ondan kənara çıxmırıq: vətənpərvərlik, dövlətçilik. Bütün layihələrimiz bunların üzərində qurulub. Biz sırf alpaqut idmanını təbliğ etmirik. Biz milli kimliyimizə sahib çıxırıq.

economic.azhttp://economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top