“Ana qapını bayırdan, uşaq içəridən bağladığından xilas etmək vəzifəsi çətinləşmişdi…” – REPORTAJ – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Ana qapını bayırdan, uşaq içəridən bağladığından xilas etmək vəzifəsi çətinləşmişdi…” – REPORTAJ

Bakı, 11 iyun, Aytac Haqverdiyeva, AZƏRTAC

Onlar yanğın, təbii fəlakət kimi bir çox hadisələr zamanı köməyə tələsirlər. İşləri isə çox çətindir. Dəhşətli yanğınlara, baş verə biləcək təhlükəli hadisələrə qarşı daim yüksək hazırlıq və hadisələr zamanı xilaskarlıq missiyası… Söhbət Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin fədakar yanğınsöndürənlərindən gedir.

AZƏRTAC-ın əməkdaşları bu dəfə yanğınsöndürənlərlə həmsöhbət olub.

Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsində çalışan Məmmədəli İlyasovun bu peşəyə gəldiyi beş ildən bir qədər artıqdır. O, kiçik yaşlarında izlədiyi filmlərdən təxəyyülündə yanğınsöndürənlərin qəhrəman obrazını yaradıb. Bu peşənin sahibi olmaq arzusu ilə uşaqlıqdan fiziki hazırlığını artırmağın qayğısına qalıb, daim idmanla məşğul olub. Peşəsi üçün vacib olan digər keyfiyyətləri təcrübəli yanğınsöndürənlərdən, rəhbər heyətindən öyrənib. İndiki iş yerində fəaliyyətə başlayanda burada ona kömək edən iş yoldaşları Məmmədəlinin daha təcrübəli bir yanğınsöndürən kimi formalaşması istiqamətində ona dəstək olublar: “Biz burada iş yoldaşlarımızla birgə insan həyatları uğurunda mübarizə aparırıq. Ona görə də hər kəs öz üzərinə düşən məsuliyyəti dərindən dərk edir”.

O, deyir ki, yanğınsöndürənlər üçün zaman anlayışı yoxdur: “Hansısa hadisə ilə bağlı müraciət daxil olanda bütün qəlbimizlə, canımızla özümüzü orda hiss edirik. Burda “sonraya qalsın”, “bir az sonra edərəm” prinsipi nəinki işləmir, heç onu ağlının ucundan keçirə bilməzsən. Bu işdə hər şey anındaca edilməlidir, yubanmaq, gecikmək fəlakətin, hadisənin miqyasının böyüməsi, kiminsə həyatının təhlükə altında qalması deməkdir”.

Məmmədəli əmək fəaliyyətinə başladığı ilk vaxtlarda həyəcanlanırmış: “Açığı, ağır və təhlükəli vəziyyətlərə üzləşdiyim hadisələr zamanı həyəcanımı gizləyə bilmirdim. Bir dəfə, iki dəfə… Sonra tədricən hər şeyə alışmağa başladım, zaman keçdikcə qorxu və həyəcan hissi yox olmağa başladı, əvəzində məsuliyyət və xilaskarlıq hissi yarandı. Hadisə yerində ancaq alovların içində səndən imdad, ümid gözləyənlərə kömək göstərmək, onları alovların içindən çıxarmaq barədə düşünürsən”.

Yanğınsöndürənlərin hər iş günü Fövqəladə Hallar Nazirliyinin, o cümlədən Dövlət Yanğından Mühafizə Xidmətinin tərtib etdiyi qaydaya uyğun olaraq başlayır və davam edir. Əvvəlcə yanğınsöndürən növbəyə daxil olanda ona təhkim olunmuş yanğın texnikasını qəbul edir. Digər növbədə isə avtomobilləri təhvil-təslim edir. Hər bir vəziyyətə tam hazırlıqlı olmaq üçün yanğınsöndürənlərə verilən təlimlər daimidir. Rəhbərliyin tapşırığı və növbə rəisinin məlumatı əsasında göstərilmiş vaxtda və qaydada təlimlər yerinə yetirilir. Çağrı Mərkəzinə gələn zənglərə müdaxilə dərhal olur. Burada yanğının dərəcəsi, baş verdiyi ərazinin vəziyyətinə uyğun həmin yerə şəxsi heyət və yanğınsöndürmə avtomobilləri göndərilir.

Həmsöhbətimiz olan digər yanğınsöndürən Mirsaleh Əhmədli on ildən çoxdur ki, bu peşəni seçib. Onda bu çətin peşəyə həvəs babasından keçib: “Uşaq olanda babam həmişə iş yerində qarşılaşdıqları hadisələrdən danışardı. O vaxt onun danışdıqları mənə nağıl, hekayə kimi gələrdi. Lakin artıq həmin hekayələrin gerçək olduğunu öz gözlərimlə görür və yaşayıram. Bu illər ərzində çox hadisələrə şahid olmuşam”.

O, peşə fəaliyyəti dövründə şahidi olduğu həmin hadisələrdən birini danışdı: “Çağrı Mərkəzinə daxil olan məlumatla əlaqədar yanğınsöndürən komandası ilə birlikdə hadisə yerinə yollanıb. Doqquzmərtəbəli binalardan birinin üçüncü mərtəbəsində yerləşən mənzildə valideyn qapını bağlayaraq azyaşlı övladını mənzildə tək qoyub yaxınlıqdakı aptekdən dərman almağa çıxmışdı. O, geri qayıdanda qapını aça bilməyib və mənzildən tüstü qoxusu gəldiyini hiss edib. Narahatlıq və həyəcan içərisində qalan valideyn nə baş verdiyini anlaya bilməyib. Onun təşviş içərisində olduğunu görən qonşular zəng edərək Dövlət Yanğından Mühafizə Xidmətinin 101 və 112 qaynar telefon xətlərinə məlumat veriblər. Biz hadisə baş verən ünvana çatanda yanğın baş verən mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlının əqli və fiziki məhdudiyyətli olduğunu da öyrəndik. Bu, vəziyyəti daha da mürəkkəbləşdirirdi. Çünki azyaşlı açarla qapını içəridən təkrar bağlamışdı. Beləliklə, ana qapını çöldən, uşaq içəridən bağladığına görə onun bayırdan açılmasına daha ciddi maneə yaranmışdı, xilas etmək vəzifəsini çətinləşdirmişdi… Vaxt itirmək olmazdı, dərhal qapının xüsusi avadanlıqlarla kəsilməsi əməliyyatına başlanıldı. İçəridə bizi nə gözlədiyini isə heç kim bilmirdi”.

Mirsalehin dediyinə görə, hadisə baş verən binanın həyətində hasarlar, düzgün olmayan parklanma yolun hərəkət hissəsini məhdudlaşdırdığı üçün yanğın avtonərdivanını açmaq mümkün olmayıb. Onlar vəziyyətin kritik olduğunu nəzərə alaraq ikinci istiqamət üzrə əməliyyat tədbirlərinə başlayıblar. Beləliklə, yanğınsöndürənlər kəndir vasitəsilə yuxarı mərtəbədə yaşayan qonşunun mənzilinin pəncərəsindən eniş edərək evə daxil olaraq içəridə qalan azyaşlını yanğın yerindən xilas etmək qərarına gəliblər. Xoşbəxtlikdən ikinci əməliyyat daha qısa zamanda uğurla başa çatıb. “Mənzilə daxil olub uşağı yüngül yanıq xəsarətləri ilə xilas edərək təcili tibbi yardım personalına təhvil verdik. Həmin hadisəni xatırlayanda indi də həyəcanlanıram. Burada hər anın, hər saniyənin hökmü var idi və söhbət saniyələrdən gedirdi. Bir an gecikmək uşağın həyatını təhlükədə qoymağa, hətta onu itirməyə bərabər idi. Yaxşı ki, hər şey uğurla başa çatdı və uşağın həyatını xilas edə bildik”, – deyə yanğınsöndürən məmnunluq dolu həyəcanla danışır.

Doğrudan da, yanğınsöndürənlər zamanla yarışanlar və onunla mübarizədən qalib çıxmağa çalışanlardır. Bu mübarizədə uduzmaq faciə və həyat itirməyə bərabərdir…

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top