Ağdaşda 82 fermerlə müqavilə bağlandı – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ağdaşda 82 fermerlə müqavilə bağlandı

Ağdaş rayonunda ötən ilin avqustundan bəri pambıq əkini üçün aparılan hazırlıq işləri başa çatıb və sahələrdə çiyid səpininə start verilib.

Əvvəlcə kəndlərdə pambıq əkini üçün yararlı torpaq sahələri seçilib, mütəxəssislər sahələrə baxış keçirib, torpaqdan nümunələr götürülərək keyfiyyəti yoxlanılıb. Rayonda 3 min hektar sahədə torpağın şumu çıxarılıb, gübrə verilib, arat işləri və səpinqabağı mala çəkilməsi işləri görülüb. Fermerlər lazımi qədər toxum və gübrə ilə təmin olunublar.

Ağdaş Rayon Kənd Təsərrüfatı İdarəsi ilə 35 fermer arasında 1000 hektar, “Ucar MKT” ilə 47 ağdaşlı fermer arasında isə 2 min hektar sahədə pambıq əkini üçün müqavilə bağlanılıb. Pambıq sahələrinin suvarılması üçün lazımi tədbirlər görülüb. Rayondakı pambıq sahələri Yuxarı Şirvan kanalı, Türyançay və Kür çayı vasitəsilə suvarılacaq.

Rayon kənd təsərrüfatı idarəsindən bildirilib ki, ötən il rayonda pambıqçılıq ənənələrinin bərpasına başlanılıb və ilk dəfə 1154 hektar sahədə pambıq əkini aparılıb, 13 min 540 kiloqram məhsul əldə edilib.

Son vaxtlar tənəzzülə uğrayan bu sahənin inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr, göstərdiyi hərtərəfli kömək artıq öz bəhrəsini verməkdədir. Hazırda rayonun 15-ə yaxın kəndində pambıq əkini aparılır. Dövlətin yardımından bəhrələnən torpaq istifadəçiləri bu il daha çox vəsait qazanmaq üçün həvəslənərək ötən ildəkindən 1846 hektar çox sahədə pambıq əkini aparmağı planlaşdırır. Bu il əsasən istifadəsiz qalan boş torpaq sahələri əkinə cəlb ediləcək. Ağdaşda pambıq əkininə 3 minə yaxın yerli sakin cəlb olunur ki, bu da onların məşğulluğunun təmin edilməsi və yaşayış şəraitinin yaxşılaşmasına köməklik edir.

Rayonda kənd təsərrüfatı sahəsində əsaslı dönüşə nail olmaq, pambıqçılığın dinamik inkişafını təmin etmək üçün bütün qüvvələr səfərbər edilib. Dövlət səviyyəsində görülən tədbirlər bu marağı daha da artırır. əgər 2015-ci ildə Ağdaş rayonunda cəmi 30 hektar sahədə pambıq əkini aparılmışdısa, 2016-cı ildə 1154 hektar – yəni, 38 dəfə çox pambıq əkini aparılıb. Bu il isə 3000 hektar sahədə pambıq əkini nəzərdə tutulur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top