MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

maska1561564646

Açıq havada maskaya əlvida demək pandemiyanın sonu deyil

“Bildiyiniz kimi, 2020 – ci ildə başlamış pandemiya hələ davam edir. Bir çox ölkələr müxtəlif dalğalardan keçir və xəstələrin sayı dünyada hələ də artmaqda davam edir. Bu gün bir neçə ölkə hətta tam qapanma – lokdaun şəraitində yaşayır. …Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitləşib. Həmçinin xəstələrin, xəstəxanalarda olan xəstələrin sayı azalır, gündəlik yoluxmalar demək olar ki, sabitləşib. Mayın 31- dən Azərbaycanda açıq məkanlarda maska taxılması tələbi ləğv olunur”. Bunu Nazirlər Kabineti yanında operativ qərargahın mayın 25 – də təşkil etdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Qeyd edək ki, operativ qərargah tərəfindən tətbiq edilən qadağalar, qorunma tələblərinə riayət, ötən ildən fərqli ola­raq, insanların virusun olduğuna inamı­nın artması və bu üzdən qaydalara ciddi yanaşmaları, nəhayət, bu ilin yanvarından etibarən kütləvi vaksinasiyanın tətbiqi aşkarlanan yoluxma rəqəmlərinin enməsinə və sağalanların sayının artmasına zəmin yaratdı. Prosesin dinamikası təhlil olun­duqda aydın görünür ki, tətbiq olunan məhdudiyyətlər yoluxmanı azaldaraq vəziyyətin stabilləşməsinə kömək etdi. Eyni zamanda, ölkə vətəndaşlarına 2 milyona yaxın vaksinin vurulması da pandemiyanın mənfi təsirlərinin nəzarətdə saxlanılma­sını təmin etdi. Lakin unutmamalıyıq ki, COVID – 19 hava – damcı yolu ilə yayılan virusdur və yoluxmanın artıb – azalması birbaşa insanların özündən asılıdır. Amma vaksinasiya prosesinin davamlı getməsi, yoluxmanın aşağı düşməsi insanlarda tam arxayınlıq yaratmamalı, ehtiyat tədbirləri əldən verilməməlidir.

Brifinqdə tətbiq edilən qadağa və məhdudiyyətlərin ardıcıl olaraq aradan götürüləcəyini bildirən Şahmar Mövsümov iyunun 10 – dan etibarən Azərbaycanda iri ticarət mərkəzlərinin, həmçinin həmin tarixdən çimərliklərin, idman və sağlamlıq – bərpa müəssisələrinin fəaliyyətlərinə icazə veriləcəyini deyib. Qeyd edilib ki, müəyyən qadağaların aradan qaldırılmasına baxma­yaraq, 2020 – ci ildə çimərliklərdə tətbiq olunan qaydalar bu il də qüvvədə qalacaq.

Ötən ildən bəri vətəndaşları narahat edən ən mühüm məsələlərdən biri, ictimai nəqliyyatda sıxlıq problemi olub. Yeni şəhərdaxili marşrut xəttlərinin açlıması­na baxmayaraq, metroların işləməməsi nəticəsində avtobuslarda yaranan sıxlıq yo­luxma riskini artıran amillərdən biri hesab edilib. Hamının çoxdan gözlədiyi Bakı Met­ropoliteninin fəaliyyətinin bərpa olunması həm ictimai nəqliyyatın sərnişindaşıma yükünü azaldacaq, həm də məkana görə yoluxma riskini azaldacaq. Amma metro­nun fəaliyyətində müvafiq qaydalara uyğun olaraq, maska, məsafə və dezinfeksiya tədbirlərinə əməl edilməsi tələb olunacaq.

Brifinqdə açıqlanan növbəti qərar, ümumiyyətlə, bütün vətəndaşlarımızın rayonlara gediş – gəliş arzularını reallaş­dırır. Bir ildən çoxdur ki, rayonlararası ictimai nəqliyyatın fəaliyyətinin bərpasını – bu qadağanın aradan götürülməsini həsrətlə gözləyənlər var. Növbəti həftənin ilk günündən etibarən bölgələrə abtobusla­rın hərəkəti həm qohum – əqraba arasında ünsiyyəti bərpa edəcək, həm də həmin nəqliyyatın sürücülərinin ailə büdcəsinə müsbət təsir göstərəcək.

Brifinqdə səsləndirilən fikirlər arasında inanclı insanlara aid qadağaların aradan qaldırılması da qeyd edilib. Xeyli vaxtdır ki, yoluxma sayını azaltmaq məqsədilə fəaliyyətinə qadağa qoyulan müəssisələr arasında kütləvi toplaşılan məkanlardan olan ibadət yerlərinin, məscidlərin də qapıları bağlanmışdı. Cümə namazları, dini bayramlarda qılınan namazlar evlərdə, ailə daxilində həyata keçirilirdi. Təzəliklə yola saldığımız Ramazan ayının qədr gecələri də qadağa səbəbindən məscidlərdə deyil, evlərdə keçirildi. İyunun 10 – dan etibarən müvafiq məhdudiyyətlər – maska, məsafə və toplaşan insanların say həddi nəzərə alınmaqla ibadət yerlərinin açılacağı da rəğbətlə qarşılanıb.

Brifinqdə yeni fikirlərin səsləndirilməsi vətəndaşların vaksinasiya başlayandan cavab axtardıqları suala da aydınlıq gətirdi. Peyvəndləmə prosesinin ilk günlərindən hər kəsi belə bir sual düşündürürdü: Görəsən ölkəni tərk edən zaman sərhəd keçəndə bizdən hansı sənəd tələb olunacaq? Qeyd etmək lazımdır ki, bu sualın cavabı ilk dəfə tətbiq edilən pasportla tapıldı. Bildirildi ki, ölkə hüdudlarından çıxarkən, sərhəddə və ya aeroportlarda “COVID pasportu” təqdim etməklə, istənilən ölkəyə səfər mümkün olacaq. Toplantıda onu da bildirdilər ki, Azərbaycanda iki sertifikatdan ibarət “COVID pasportu” tətbiq olunacaq. Birin­cisi peyvəndlənmə sertifikatı, ikincisi isə immunitet sertifikatıdır. Birinci sertifikat vaksinin hər iki dozasını alan şəxslərə veriləcək. Yəni bu şəxsdə peyvənd yolu ilə virusa qarşı immunitet yaranıb. İkinci sertifikatı isə xəstələnib sağalmış, bunun nəticəsində qanında anticisimlər yaranmış insanlar alacaq. Hər iki sertifikatın üzərində QR kod mövcuddur, yəni, onlar elektron yoxlanılma imkanına malikdir. Burada bir nüansı da diqqətə saxlamaq lazım gələcək. Məlumdur ki, ölkədə pandemiya dövründə minlərlə insan virusa yoluxduğunu bilə – bilə rəsmi qeydiyyata düşmədən virus simptomlarına görə müalicə alıb sağalanlar­dır. Onlar yoluxub sağaldıqlarını necə sübut edəcəklər? Yəqin ki, həmin şəxslər yoluxub sağaldıqdan 6 ay sonra peyvənd olunmaqla, ya da antitel analizi verib onun nəticəsini göstərməklə, iki sertifikatdan birini əldə edə biləcəklər.

Prezidentin köməkçisi deyib ki, qeyd edilən sertifikatlardan birinin olması idman – sağlamlıq obyektlərinə girişə icazə verir. “COVID pasportu” olmayan insanlar hələlik idman, sağlamlıq – bərpa obyektlərinin xidmətlərindən istifadə edə bilməyəcəklər. Onu da qeyd etmək lazımdır ki, “COVID pasportu” ilkin olaraq idman mərkəzlərində tətbiq olunacaq. Amma gələcəkdə bu pasporta malik şəxslərin digər xidmətlərə çıxışına da icazə veriləcək. Söhbət konsert, teatr, kinoteatr, nəhayət, toy və qapalı məkanlarda təşkil edilən digər tədbirlərdən gedir.

Beləliklə, çoxdan gözlədiyimiz açıq havada maskasız həyata geri dönürük. Unutmamalıyıq ki, bəzi qadağaların aradan qaldırılması pandeniyanın bitməsi demək deyil. Hər şey vətəndaşların hazırda qüvvədə qalan qaydalara necə riayət etməsindən asılı olacaq. Ya yoluxma sayı daha da aşağı enəcək, biz pandemiya üzərində qələbəni qeyd edəcəyik, ya da ehtiyatsızlıq ucbatından və ya qüvvədə olan qaydalara laqeyd münasibətdən yenidən məcburi qapanmaya gedəcəyik. Normal həyata dönmək istəyiriksə, tələblərə əməl etməliyik.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top