“ABS Wavesight”ın təqdim etdiyi müxtəlif rəqəmsal həllərin ASCO gəmilərində tətbiqinə dair fikir mübadiləsi aparılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“ABS Wavesight”ın təqdim etdiyi müxtəlif rəqəmsal həllərin ASCO gəmilərində tətbiqinə dair fikir mübadiləsi aparılıb

Bakı, 11 iyul, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) nümayəndələri ilə görüş keçirilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Rauf Vəliyev ilə “ABS Wavesight” şirkətinin Biznesin inkişafı üzrə vitse-prezidenti Richard Pride, şirkətin Peşəkar xidmətlər üzrə direktoru Saqib Kasim, ABS-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Guy Laureys və “ABS Wavesight”ın Biznesin inkişafı üzrə baş menecer Alistair McConnachie arasında keçirilən görüşdə ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivlərindən danışılıb. “ABS Wavesight”ın təqdim etdiyi müxtəlif rəqəmsal həllərin ASCO gəmilərində tətbiqinə dair fikir mübadiləsi aparılıb.

Bu gün, həmçinin “ABS Wavesight”ın nümayəndələri öz məhsulları barədə ASCO-nun aidiyyəti rəhbər şəxsləri və əməkdaşlarına da geniş təqdimat ediblər.

Təqdimat zamanı qeyd olunub ki, “ABS Wavesight” “My Digital Fleet”, “Nautical Systems” və “eLogs” kimi müxtəlif innovativ donanma idarəetmə proqram təminatları təqdim edən qlobal şirkətdir və bu gün şirkətin xidmətlərindən dünyada 5000-dək gəmidə istifadə olunur.

Şirkət əməkdaşları onu da bildiriblər ki, “Nautical Systems”in məhsulu olan “NSE” proqram təminatı hazırda ASCO-nun 10 gəmisində uğurla tətbiq edilir. Bu proqram əsas prosesləri avtomatlaşdırmaqla, eləcə də əməliyyat və istismar göstəricilərini real vaxt rejimində görməklə təşkilatlara daha səmərəli fəaliyyət göstərməyə kömək edən, mərkəzləşmiş bulud texnologiyası üzərindən biznesin idarə edilməsi həllidir.

Təqdimatın sonunda ASCO əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top