Almaniya kansleri ultrasağçıların regional seçkilərdə qələbəsindən narahatdır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Almaniya kansleri ultrasağçıların regional seçkilərdə qələbəsindən narahatdır

Bakı, 2 sentyabr, AZƏRTAC

Almaniya kansleri Olaf Şolts ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının böyük qələbələri və onun koalisiyasının məğlubiyyətləri ilə nəticələnən iki regional seçkinin nəticələrini “xoşagəlməz” adlandırıb və əsas partiyaları sağ ekstremistlərin olmadığı hökumət qurmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, AfD İkinci Dünya müharibəsindən sonra Türingiya torpağında keçirilən seçkilərdə həftəsonu qalib gələn ilk ifrat sağçı partiya olub. Saksoniyada keçirilən seçkilərdə mühafizəkarlar – Xristian Demokrat İttifaqı (CDU) liderlik edirdi.

Lakin Şərqi Almaniyanın həm Saksoniya, həm də Türingiya əyalətlərində təhlükəsizlik rəsmilərinin “sağçı ekstremist” hesab etdiyi AfD-nin idarəçilik ehtimalı azdır, çünki digər partiyalar indiyədək çoxluq yaratmaq üçün onunla işləməkdən imtina ediblər.

Bununla belə, millətçi, immiqrantların əleyhinə olan bu partiya hakimlərin və ya yüksək təhlükəsizlik məmurlarının təyin edilməsi kimi üçdə iki səs çoxluğu tələb edən qərarların qarşısının alınmasında hər iki əyalətdə kifayət qədər yer qazana bilər və bu, ona görünməmiş güc verəcək.

Kansler Şolts “Reuters” agentliyinə açıqlamasında Saksoniya və Türingiya əyalətlərində AfD-nin seçki nəticələrinin narahatlıq hissi doğurduğunu deyib. O əlavə edib: “Bazar günü keçirilən seçkilərin nəticələri xoşagəlməzdir. AfD Almaniyaya ziyan vurur, iqtisadiyyatı zəiflədir, cəmiyyəti parçalayır və ölkəmizin reputasiyasını ləkələyir”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top