Xəzər dənizinin Zirə qəsəbəsində 1,5 hektar ərazi tullantılardan təmizlənib
Bakı, 13 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Zirə qəsəbəsi ərazisində təmizlik aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, 30-a yaxın könüllü iştirak edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Ümumrespublika Təmizlik Marafonu “Təmiz ölkəm” devizi altında hər həftənin cümə axşamı və şənbə günləri bütün ölkə ərazisinin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edir: “Bu gün isə Zirə qəsəbəsində aksiyanı keçirdik və 1,5 hektar ərazidən 500 kiloqrama yaxın məişət tullantıları topladıq”.
Ekoloji aksiyaya qoşulduğuna görə məmnunluğunu ifadə edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ənənəvi olaraq keçirilən aksiyaların çimərliklərdə tullantıların azalması ilə nəticələndiyini deyib: “Burada aparılan təmizlik işləri nəticəsində buna şahid oluruq. Biz təbiətimizi qorumaq üçün ictimai maarifləndirmə aparmalıyıq. Azərbaycan noyabrda COP29-a ev sahibliyi edəcək. Düşünürəm ki, bu cür aksiyalar vasitəsilə edilən çağırışlar nəticəsində hər bir azərbaycanlı ətraf mühiti qorumağa elə ilkin olaraq öz həyət və bağçasından başlamağın vacibliyini anlayacaq. Eyni zamanda, bu tədbirlə Xəzər dənizinin nə qədər təmiz olduğunu və necə möhtəşəm göründüyünü göstərəcəyik. Onu da qeyd etmək istərdim ki, övladlarımıza da planetimizi qorumaq üçün tədbirlər görməyi öyrətməliyik”.
Aksiyada iştirak edən Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer ətraf mühitin təmizliyində hər birimizin məsuliyyəti olduğunu diqqətə çatdırıb: “Azərbaycanda ətraf mühitin mühafizəsinə töhfə verməkdən məmnunuq. Ətraf mühiti sağlamlaşdırmaq və onu gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Hər kəsi ətraf mühitə həssas yanaşmağa dəvət edirəm”.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]