Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri uğurla bitirən şəxslərə sertifikat verilib
Bakı, 11 iyul, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçmiş məcburi köçkünlər üçün keçirilən qısamüddətli kursları bitirən və buraxılış-ixtisas imtahanından müvəffəqiyyətlə keçən müdavimlərə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət nümunəli sertifikatlar təqdim edilib.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bu münasibətlə keçirilən tədbirdə direktor Ceyhun Kərəmov işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planına uyğun olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin qarşısında konkret hədəflər qoyulduğunu söyləyib. O bildirib ki, doğma yurduna qayıdan əhalinin məşğulluq imkanlarının artırılması və sosial müdafiəsinin təmin edilməsi sahəsində peşə təhsili sisteminin xüsusi rolu müəyyənləşdirilib.
Ceyhun Kərəmov “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağda 8 peşə təhsili müəssisəsinin qurulmasının, 5000 nəfərin qısamüddətli, 1000 nəfərin isə ixtisasartırma təlimlərinə cəlb olunmasının planlaşdırıldığını söyləyib.
Qəbələ rayonunda məskunlaşan 84 nəfər keçmiş məcburi köçkün dayə, arıçı, aşpaz-qənnadıçı, çilingər-santexnik, heyvandarlıq mütəxəssisi, bərbər, əməliyyatçı-mühasib və turizm təşkilatçısı ixtisasları üzrə qısamüddətli kurslara cəlb edilib. İxtisaslar Qəbələ rayonu ərazisində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərlə aparılmış sorğulara əsasən müəyyən edilib.
Qısamüddətli kurslar 3 ay davam edib. Təhsil proqramları nəzəri bilik və praktik bacarıqların vəhdəti əsasında tərtib edilib. Kurs iştirakçıları ilk 2 həftədə nəzəri biliklər əldə edib, sonrakı 10 həftədə isə onlara istehsalat təlimi keçirilib və müvafiq biliklər öyrədilib. Adıçəkilən kurslar doğma yurduna qayıdacaq əhalinin peşəkar bilik və bacarıqlarını artıraraq, onların sosial-iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq və iş imkanlarını genişləndirmək məqsədi daşıyır.
Bu günədək Qəbələ, Gəncə və Mingəçevirdə ümumilikdə 114 nəfər keçmiş məcburi köçkün sözügedən təlim proqramlarına cəlb edilib. Onlardan Qəbələ rayonu üzrə 45 faizi, Gəncə şəhəri üzrə 26 faizi, Mingəçevir şəhəri üzrə 29 faizi işlə təmin olunub.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]