“Wego” və ATB turistləri Azərbaycana unudulmaz səyahətə dəvət edir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Wego” və ATB turistləri Azərbaycana unudulmaz səyahətə dəvət edir

Bakı, 11 iyul, AZƏRTAC

Yaxın Şərq və Şimali Afrika ölkələrinə səyahət üçün ən böyük onlayn platforma (MENA) Azərbaycan Turizm Bürosu (ATB) ilə əməkdaşlığın qurulduğunu elan edib.

AZƏRTAC xəbər verir ki, əməkdaşlıq perspektivləri və birgə planlar barədə iyulun 10-da “PR Newswire” portalının saytında dərc olunan məqalədə qeyd olunub.

Azərbaycan Turizm Bürosu ilə səylərini birləşdirən “Wego” şirkəti Azərbaycanın çoxəhatəli mədəniyyətini, zəngin tarixini və mənzərəli təbiətini kəşf etmək istəyən hər kəsi maraqlı və unudulmaz səyahətə dəvət edir. Məqalədə qeyd olunur ki, həm paytaxtın səs-küylü küçələrində, həm Xəzərin qumlu çimərliklərində, həm də müxtəlif mənzərəli məkanların hər birində Azərbaycan qonaqlara hər zövqə uyğun ən müxtəlif əyləncə növləri təklif etməyə hazırdır.

“Azərbaycanın zəngin mədəni irsi, füsunkar mənzərələri və sakinlərinin qonaqpərvərliyi ölkəni təkrarolunmaz yay tətili axtaran hər kəs üçün cəlbedici məkana çevirir”, – deyə “Wego” platformasının direktoru Mamun Xmedan bildirib.

“Wego” və ATB-nin tərəfdaşlığı çərçivəsində, xüsusilə MENA ölkələrindən gələn turistlərin Azərbaycanın turizm potensialı barədə məlumatlılığının artırılmasına yönəlmiş təşəbbüslər həyata keçiriləcək.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid öz növbəsində bildirib ki, ATB ölkənin yayda istirahət üçün perspektivli məkan kimi imkanlarını böyük məmnuniyyətlə nümayiş etdirir.

“Biz əminik ki, artan birbaşa uçuşlar, rahat yaşayış şəraiti və Qafqaz dağlarında “Alp yamacları” attraksionuna minməkdən Qəbələ kurortlarında istirahətə və Bakıda maraqlı alış-veriş imkanlarına qədər müxtəlif əyləncə növləri sayəsində turistlər Azərbaycandan unudulmaz xatirələrlə ayrılacaqlar”, – deyə o əlavə edib.

Şirkdən bildirilib ki, söhbət qədim tarix abidələrlə tanışlıqdan, ya milli mətbəxin ləzzətli yeməklərini dadmaqdan, ya da təbiətin qoynunda rahat istirahətdən gedirsə, “Wego” və Azərbaycan Turizm Bürosu hər bir səyyahın ən ümdə arzularını gerçəkləşdirməyə hazırdır.

2005-ci ildə Sinqapurda qurulan “Wego” platforması səyahət üçün meta-axtarış sistemidir və Asiya-Sakit Okean, Orta Şərq və Hindistanda fəaliyyət göstərir.

“PR Newswire” – “Yahoo!” “Finance”, “Bloomberg”, “Business Insider”, “Newsweek”, “Readers Digest”, “NewsNow”, “New York Magazine” və CNBC kimi ən böyük platformaların daxil olduğu 10 min beynəlxalq medianın ortaq bazası olan portaldır. Onun auditoriyası ayda 6 milyon 400 min nəfərdir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top