BMU Texnoparkının təşkil etdiyi ilk “My Technology” müsabiqəsi başa çatıb
Xırdalan, 3 iyul, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, “STEAM Azərbaycan”, həmçinin “Yeni Fikir” MMC-nin tərəfdaşlığı, “Kapital Bank”ın sponsorluğu ilə icra olunan ilk “My Technology” müsabiqəsi yekunlaşıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin final mərhələsinin təşkili məqsədilə BMU-da abituriyentlərin startap layihələrinin sərgisi və mükafatlandırma tədbiri keçirilib. Sərgidə nümayiş olunan 30 layihə müsabiqəyə təqdim edilmiş 140 layihə arasından seçilib. Sərgi zamanı komandalar öz startap ideyalarını münsiflər heyətinə və qonaqlara təqdim ediblər. BMU-nun rektoru Yaqub Piriyev layihələrlə tanış olub, yeniyetmə startapçıların gələcək planları ilə maraqlanıb və onlara öz tövsiyələrini verib.
Sonra münsiflər məktəblilərin startap layihələrini qiymətləndiriblər. 1-ci yeri “The Right Way” (Quba-Xaçmaz regionu), 2-ci yeri “CO2toD project” (Abşeron-Xızı regionu), 3-cü yeri “SpecDeaf” (Abşeron-Xızı), 4-cü yeri “Trinity Panel” (Quba-Xaçmaz) və 5-yeri “GreenExchange” (Naxçıvan MR) layihələri qazanıb.
Tədbirin mükafatlandırma hissəsində çıxış edən rektor Yaqub Piriyev yeniyetmə və gənclərin texnoloji yeniliklərə marağını yüksək qiymətləndirib, startap layihələrində fəallıq göstərən şagirdlərin gələcəyinə böyük inamı olduğunu vurğulayıb. Ali məktəbin rəhbəri müasir dövrün ixtisasları, bu ixtisaslara artan tələbatdan danışaraq BMU-da informasiya texnologiyaları, kompüter mühəndisliyi ixtisaslarının mükəmməl tədrisi üçün yaradılan şəraitdən, müasir laboratoriyalardan bəhs edib. Rektor texnoloji ideyalara həvəs göstərən şagirdlərə gələcək layihələrində uğurlar arzulayıb.
BMU Texnoparkının direktoru İsa Qasımov “My Technology” haqqında məlumat verərək bildirib ki, layihə Abşeron-Xızı, Naxçıvan Muxtar Respublikası, Gəncə-Daşkəsən, Dağlıq Şirvan və Quba-Xaçmaz regionlarını əhatə edib. X-XI sinif şagirdlərinin qatıldığı müsabiqə innovasiya ekosisteminin formalaşmasına, eləcə də inkişafına töhfə vermək, bilik iqtisadiyyatının tələb və gözləntilərinə uyğun olaraq sahibkar düşüncəyə malik insan kapitalının inkişafını təşviq etmək, həmçinin dəstəkləmək məqsədi daşıyır. Layihənin növbəti illərdə ölkə miqyasında keçirilməsinin nəzərdə tutulduğu da diqqətə çatdırılıb.
“Kapital Bank”ın İstedadlarin idarə edilməsi departamentinin direktoru Aygün Musayeva layihə barədə müsbət fikirlərini dilə gətirib. BMU məzunu kimi universitetin üstün cəhətlərinə toxunan bank rəsmisi “Kapital Bank”la universitet arasında əməkdaşlıq əlaqələrindən, tədris prosesinə verilən dəstəkdən bəhs edib.
Sonda qalib komandalara BMU-nun sertifikatları və “Kapital Bank”ın qiymətli hədiyyələri təqdim olunub.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]