Qədim Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalına hazırlaşır
Şəki, 3 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə iyulun 5-dən 7-dək növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq musiqi festivalında bir sıra ölkələrin, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edəcəklər. Üç gün davam edəcək festival çərçivəsində tamaşaçılara Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəkidə festivala hazırlıq işləri artıq başa çatıb, tədbirlərin keçiriləcəyi tarixi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib.
Şəhər icra hakimiyyətindən verilən məlumata görə, Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı iyulun 5-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən gələn bayan ifaçılarının çıxışı ilə başlayacaq. Həmin gün axşam “Marxal” kompleksinin Yay Teatrında Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək. Rəsmi hissədən sonra İndoneziyanın “Mila Art” rəqs və “Hamdani” musiqi qruplarının konserti təqdim ediləcək.
İyulun 6-da günün birinci yarısında “Yuxarı Karvansaray” mehmanxana kompleksində “Şəhər Günü” bayram tədbiri keçiriləcək. Həmin gün axşam festival iştirakçıları “Az Abrau Muzeyi”i ilə tanış olacaq, şərab zavodunun həyətində qurulmuş səhnədə Hindistandan gələn rəqs qrupunun və yerli musiqiçilərin çıxışına tamaşa edəcəklər. Burada Hindistan və yerli mətbəxin nümunələri təqdim ediləcək, şərab dequstasiyası, həmçinin şəbəkə sənəti üzrə ustad dərsi keçiriləcək.
Festival çərçivəsində iyulun 7-də Şəki Heydər Əliyev Mərkəzində TÜRKSOY-un təşkilatçılığı ilə Türkiyə və Qazaxıstandan gələn kollektivlərin çıxışları olacaq.
Həmin gün axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi keçiriləcək. Mərasimdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]