Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü Çində qeyd olunub
Pekin, 26 iyun, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106-cı ildönümü münasibətilə Pekində mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Çin Silahlı Qüvvələrinin yüksəkvəzifəli şəxslərinin, xarici dövlətlərin Pekindəki hərbi attaşelərinin, diplomatların, bu ölkədə yaşayan azərbaycanlıların iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin Dövlət himnləri səslənib.
Ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tariximizə Vətən müharibəsi kimi daxil olan İkinci Qarabağ savaşı zamanı dünya hərb tarixinin ən şanlı səhifələrindən birini yazdığını bildirib. Qeyd edib ki, 44 günlük müharibənin gedişində dövlətimizin qüdrətinin, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının sarsılmaz birliyinin və əzminin şahidi olduq. Müharibə Prezident, Ali Baş Komandan İlham Əliyevi lider, sərkərdə, tədbirli siyasətçi və nüfuzlu dövlət adamı kimi yaxından tanımaq imkanı verib.
Ermənistan və Azərbaycan arasında müharibənin bitdiyini, Azərbaycanın Cənubi Qafqazda ədalətli və davamlı sülhün əldə olunması üçün səylərinin davam etdiyini vurğulayan diplomat, ölkəmizin qətiyyəti sayəsində regionda yaranan və sülh diktə edən reallıqların bölgə ölkələri üçün yeni və mühüm imkanlar yaratdığını söyləyib. O, vaxtilə yurdlarından qovulmuş insanların öz evlərinə qayıtması üçün işğaldan azad edilmiş ərazilərdə
quruculuq işlərinin aparıldığını, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.
Silahlı Qüvvələrimizin Çindəki hərbi attaşesi Teyfur Rüstəmov artıq 4 ildir ki, Milli Ordunun yaranması gününü qalib ordu, qalib xalq kimi qeyd etdiyimizi, hər bir azərbaycanlının güclü və qüdrətli Silahlı Qüvvələrimiz ilə qürur duyduğunu bildirib. O, Azərbaycan Silahlı Qüvvələrinin xalqımıza qələbə sevinci yaşatdığını, igid hərbçilərimizin 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı azad edərək, ərazi bütövlüyümüzü, suverenliyimiz bərpa etdiyini diqqətə çatdırıb.
Hərbi attaşe Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əməkdaşlığından, o cümlədən dünyanın müxtəlif yerlərində sülhməramlı missiyalarda iştirak edərək, sülhün və sabitliyin qorunmasına verdiyi töhfələrdən söz açıb. O, Azərbaycan Silahlı Qüvvələrinin bir çox ölkələrlə, o cümlədən Çin Xalq Respublikası ilə çoxtərəfli və ikitərəfli hərbi əməkdaşlıq etdiyini, hərbi təhsil sahəsində Çin Xalq Azadlıq Ordusu ilə əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.
Sonda Azərbaycan Silahlı Qüvvələrinə həsr olunan videoçarxlar nümayiş etdirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]