Yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquqi islahatlar Azərbaycanı dünyada demokratik dövlət kimi tanıdıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquqi islahatlar Azərbaycanı dünyada demokratik dövlət kimi tanıdıb

Bakı, 19 iyun, AZƏRTAC

1991-ci il oktyabrın 18- də Azərbaycan Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul edərək öz müstəqilliyini elan etsə də, bu, SSRİ-dən miras qalmış hüquqi sistem, qanunlar, hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi.

SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi heç də asan olmayıb. 1991-1993-cü illərdə ölkədə hökm sürən xaos, özbaşınalıq, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm və ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi.

Müstəqilliyinin ilk kövrək addımlarını atan Azərbaycanda dövlət quruculuğu prosesinə başlanması ölkədə, ilk növbədə, sabitliyin bərqərar olmasını zəruri edirdi. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail oldu və ölkəmizin qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başladı.

Bu fikirlər Bakı Dövlət Universitetinin müəllimi, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Polad Mehdiyevin “Yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquqi islahatlar Azərbaycanı dünyada demokratik dövlət kimi tanıdıb” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ölkəmizdə, sözün əsl mənasında, demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini zəruri etmişdi. Məhkəmə-hüquq islahatlarının reallaşdırılması isə hər şeydən əvvəl yeni hüquqi dövlət quruculuğu konsepsiyasının işlənib hazırlanmasını şərtləndirdi.

Müstəqil Azərbaycanın ilk milli Konstitusiyası dünyəvi dövlətin əsaslarını yaratdı

Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının tarixi 90-cı illərin ortalarına təsadüf edir. Əsas məqsədi hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq olan ilk milli Konstitusiya layihəsi Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi nəticəsində qəbul edilmişdir. Həmin tarix ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur.

Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Bu mühüm tarixi əhəmiyyətə malik sənəddə xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlət idarəçiliyinin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunub. Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulmasının möhkəm təməlini formalaşdırmış oldu. Konstitusiyanın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Konstitusiyada nəzərdə tutulan hakimiyyət bölgüsü prinsipinə əsaslanmaqla məhkəmə hakimiyyətinə və ədalət mühakiməsi prosesinə cəmiyyətin baxışını dəyişmək üçün bu sahədə köklü islahatlara ehtiyac yaranmışdı. Hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılıb. Bu Komissiya ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatlarının prioritetlərini müəyyən etdi və Sovet İttifaqından miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirdi. Azərbaycanda aparılan hüquqi islahatların özülünə ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri qoyuldu. Eyni zamanda, xalqımızın dövlətçilik tarixi və ənənələri, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi nəzərə alındı.

Belə ki, xalqa və dövlətə qarşı yaranan ciddi təhdidlərin qarşısının alınması üçün ölkədə cinayətkarlıqla mübarizə tədbirləri genişləndirilməsi əsas prioritet məsələlərdən biri idi. Heydər Əliyev tərəfindən ölkədə cinayətkarlığın bütün təzahülərinə, o cümlədən korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi sahəsində konkret tədbirlər görülməsini nəzərdə tutan “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli Fərmanın qəbul edilməsi və onun icrası nəticəsində ölkədə hüquq və ədalətin təntənəsinin bərpası, əhalinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdu.

Qanunvericilik bazasının və məhkəmə hüquq sisteminin formalaşdırılması yeni mərhələdə

Hüquqi islahatlar, mahiyyət etibarilə, qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi maariflənmənin genişləndirilməsi, məhkəmə və bütövlükdə, hüquq-mühafizə sisteminin islahatı, vətəndaşın hüquqi yardım almaq hüququ kimi mühüm tədbirləri özündə ehtiva edir. Sovet dövründən qalmış qanunvericilik bazasının yenilənməsi və ictimai münasibətlərin mövcud dövrün tələblərinə cavab verən normativ hüquqi aktların, o cümlədən “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” “Prokurorluq haqqında” “Polis haqqında”, “Normativ-hüquqi aktlar haqqında” qanunların, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanunlarının, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının, habelə hazırda qüvvədə olan əsas məcəllələrin və digər hüquqi aktların layihələri hazırlanaraq qəbul edilib.

Komissiya tərəfindən hazırlanmış “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradır, konstitusiya nəzarəti ideyası qəbul edilib.

“Məhkəmələr və hakimlər haqqında” Qanunun qəbul edilməsi ilə ölkəmizdə əvvəlki məhkəmə sistemindən əsaslı surətdə fərqlənən, ədalət mühakiməsinin səmərəli və effektiv həyata keçirilməsinə yönəlmiş təkmil və müstəqil üçpilləli məhkəmə sistemi formalaşdırıldı. Bununla yanaşı, 1998-ci il iyulun 14-də əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etmək olan ali konstitusiya ədalət mühakiməsi orqanı – Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı. Ədalət mühakiməsini həyata keçirən məhkəmə sisteminin təşkilinin təmin edilməsi, hakim vəzifələrinə namizədlərin seçilərək ədalət mühakiməsini müstəqil və qərəzsiz həyata keçirən hakimlər korpusunun formalaşdırılması məqsədilə Ulu Öndərin 1998-ci il 1 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Məhkəmə-Hüquq Şurası yaradılıb və onun Əsasnaməsi təsdiq edilib.

Ümummilli Lider Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı “Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Fərmanla hakimlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi, hakimliyə namizədlərin peşə hazırlığının, bu vəzifəyə layiq olmasının müəyyən edilməsi və hakim vəzifəsinə ixtisaslı və səriştəli şəxslərin təyin edilməsi məqsədlərinə uğurla nail olundu, dövlətçilik tariximizdə ilk dəfə olaraq test üsulu ilə imtahan və müsahibə əsasında hakimlərin seçilməsinə başlanıldı.

1997-ci ildə qəbul edilən “Konstitusiya Məhkəməsi haqqında” Qanun və sonrakı dəyişikliklər Konstitusiya Məhkəməsinə Konstitusiyanın və qanunların şərh edilməsi, digər normativ aktların eləcə də Ali Məhkəmənin qərarlarının, bələdiyyə aktlarının, dövlətlərarası və hökumətlərarası müqavilələrin Konstitusiyaya uyğunluğunun yoxlanılması, insanların konstitusion hüquqlarının müdafiəsi ilə bağlı fərdi şikayətlərə baxılması, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi, Konstitusiyanın müdafiəsinə imkan yaradan digər səlahiyyətlər verilib.

İnsan hüquq və azadlıqlarının təminatı istiqamətində köklü islahatlar

Ulu Öndər Heydər Əliyevin apardığı çoxşaxəli hüquqi islahatların əsas istiqamətlərindən birini də insan hüquqlarının təminatı və müdafiəsinin gücləndirilməsi, bu sahədə institusional mexanizmlərin təsbiti təşkil edirdi. İnsan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Prezident Heydər Əliyev 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənədi — İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramını təsdiq edib. Proqram insan hüquqları sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Belə ki, bu məqsədlə proqram çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilib. Bundan əlavə, ölkəmizin Avropa Şurasına üzvlüyü ərəfəsində milli qanunvericiliyin Avropa İnsan Hüquqları Konvensiyası ilə müqayisəli təhlili aparılıb. Ümummilli Liderin imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanda, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamla təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda insan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. Əsas məqsədi dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi olan bu təsisat, 2001-ci il 28 dekabr tarixində “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu ilə yaradılıb.

Fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi məqsədilə 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bununla da ölkəmizin tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi təsbit edilib, fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi istiqamətində mühüm irəliləyişlərə nail olunub.

Humanizm prinsiplərinə verilən yüksək dəyərin nümunəsi

Ulu Öndərin genişmiqyaslı islahatları sayəsində ölkədə hüquqi islahatların aparılmasına mövcud qanunvericilik bazasının humanizm prinsipləri əsasında yenilənməklə başlanıldı. Belə ki, inkişaf etmiş bir çox dövlətdə hələ də tərəddüdlə qarşılanan ən ağır cəza – ölüm cəzasının ləğvi prosesinin əsası ölkəmizdə 1993-cü ildə qoyulub. Həmin ildə Ümummilli Lider Heydər Əliyev ölüm hökmünün icrasına moratorium qoyulması təşəbbüsünü irəli sürüb. Daha sonra “Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” 1998-ci il 10 fevral tarixli Qanun qəbul edilib.

1998-ci il dekabrın 11-də “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakültativ Protokoluna qoşulmaqla Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü ləğv edildi. Humanist baxışlara, xeyirxahlığa sahib Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə humanizm, ədalət prinsipləri və cinayətlərə görə cəzaların uyğunluğu nəzərə alınmaqla, ölkəmizdə qanuna və hüquqa əsaslanmış əfv və amnistiya kimi bağışlama institutları bərpa edilib. Ulu Öndər tərəfindən 1995-2003-cü illərdə imzalanmış 32 əfv sərəncamı və onun prezidentliyi dönəmində qanunvericilik orqanı tərəfindən qəbul edilmiş 7 amnistiya aktı 80 mindən çox insana şamil edilib. Həmçinin cəzaların icrası sistemi ilə əlaqəli aparılan islahatların tərkib hissəsi olaraq postsovet məkanında ilk dəfə Azərbaycanda əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan Penitensiar xidmət tamamilə Ədliyyə Nazirliyinin tabeliyinə verilib.

Bütövlükdə, Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi illərdə respublikamızda əsaslı islahatlar aparılıb və məhkəmə-hüquq sistemi yeni mərhələyə qədəm qoyub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində aparılan genişmiqyaslı islahatlar bu gün ölkəmizi beynəlxalq aləmdə demokratik dövlət kimi tanıdıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top