Bakıda görkəmli türkmən mütəfəkkiri və şairi Dövlətməhəmməd Azadi haqqında kitabın təqdimatı olub
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqi adına Türkmənistan Ədəbiyyatı Mərkəzinin açılışı çərçivəsində məşhur azərbaycanlı publisist, politoloq, CBC telekanalında “Xarici işlərin aspektləri” adlı müəllif proqramının aparıcısı Teymur Atayevin “Vaazi-Azat”: dünən, bu gün, sabah. Dovlətməhəmməd Azadi xəyali, yoxsa gerçək dünyadan söz açır?” (Azərbaycan və rus dillərində) kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitab XVIII əsrin görkəmli türkmən mütəfəkkiri və şairi, təkcə öz xalqının deyil, bütün türk dünyasının intellektual sərvətinə çevrilmiş Dövlətməhəmməd Azadinin yaradıcılığına həsr olunub.
Kitabın “Ön söz”ündə Türkmənistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun şöbə müdiri Rəhmanberdı Qodarov T.Atayevin əməyinin leytmotivlərindən biri kimi, Azadi ideyalarının təkcə türkmən xalqı üçün məhdudlaşmayan əhəmiyyətinin və böyük dəyərinin tam açıqlandığını qeyd edir. R.Qodarovun sözlərinə görə, müəllif D.Azadinin təxminən üç əsr əvvəl “Vaazi-Azat” poemasında həm türk dünyası, həm də bütövlükdə bəşəriyyət üçün qələmə aldığı ideyaların bu gün də aktual olduğunu elmi cəhətdən əsaslandırılmış, parlaq, qeyri-standart şəkildə nümayiş etdirib.
Bununla yanaşı, qeyd etmək olar ki, T.Atayev üçün şairin yaradıcılıq prinsiplərinin dərk edilməsində əsas meyar “Vaazi-Azat”ın dərin ideyalarının Quranla üzvi əlaqəsinin müəyyən edilməsi olub. T.Atayev, əsərin mətninin təhlil edilməsi yolu ilə Vəhyin ruhunu və əlifbasını türkmən xalqının mədəni kökləri və mənəvi əsasları prizmasından açmağa çalışır.
O dövrün cəmiyyətinin mənəvi və gündəlik həyatının bir çox aspektlərinə həsr olunmuş poemanın müxtəlif hissələrini Quran kontekstində nəzərdən keçirən müəllif qeyd edir ki, risalədə əsas yeri xütbələr, nəsihətlər və ümumbəşəri ədalətə nail olmaq çağırışları tutur, D.Azadi möminlərin qardaşlığı haqqında poetik düşüncələri ilə türkmənlərin birliyinin zəruriliyi ideyasını həmvətənlərinin qəlbinə və zehninə yeritməyə çalışır.
Tədqiqatın nəticələri belə bir qənaətə gətirib çıxarır ki, D.Azadi özünün cəmiyyətə olan baxışlarını heç də ideal hesab etmir və onun təqdim etdiyi ictimai həyat prinsipləri tamamilə həm türkmən xalqının, həm də bütün türk dünyasının milli-mədəni və mənəvi ənənələrinə əsaslanır.
Kitabın elmi redaktoru türkmən filoloq-alimi Mergen Qurbanovdur.
Kitab Türkmənistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr olunub. Əsərin nəşr edilməsinə “At-abraý” Türkmən Cəmiyyəti sponsorluq edib. Əsərin rus dilindən Azərbaycan dilinə tərcüməsi İlqar Əlfiyə məxsusdur.
Teymur Atayevin bu kitabı Türk dünyasının görkəmli şəxsiyyətləri haqqında apardığı tədqiqatların davamıdır. Daha əvvəl T.Atayevin Qabdulla TukayA (Kazan, 2019-cu il), Əmir Teymura (Daşkənd, 2020-ci il), Abay Kunanbayevə (Astana, 2020-ci il) və Çingiz Aytmatova (Bişkek, 2023-cü il) həsr olunmuş əsərləri nəşr olunub. Azərbaycanın görkəmli maarifçiləri Mirzə Fətəli Axundzadə, Teymur bəy Bayraməlibəyov, Hüseyn Cavid və başqaları haqqında publisistik yazılar da onun qələminin məhsuludur.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]