MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

qurbanlıq qoyun

Bu gün Azərbaycanda Qurban bayramıdır

Qurban bayramı — İslam aləmində iki müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir.

Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.

Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.

Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.

Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq 3 yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində qeyd edilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top