MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

hesab

Oğuza rayonunda kəndlər içməli su ilə təmin olunur

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyi kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir.  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiyası hesabına Oğuz rayonunda icra olunan layihələr yekunlaşıb. Müqəddəs Ramazan ayında rayonun Astarxanovka və Vladimirovka kəndləri keyfiyyətli içməli su ilə təmin olunub.

“Economic”in məlumatına görə, kəndlərə içməli suyun verilməsi münasibətilə Astarxanovka kəndində keçirilən açılış mərasimində Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov regionlarda icra edilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərin yenidən qurulması layihəsi başa çatıb, hazırda kəndlərin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, son illər əhalisinin sayı 630 min nəfər olan 520 kənd və qəsəbədə içməli su layihələri icra olunub. 2018-ci ildə əhalisinin sayı 61 min nəfər olan 41 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılacaq. Bu kəndlərin 11-də işlər dövlət investisiya layihəsi, 30-da isə Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli Sərəncamına əsasən həyata keçirilir. Dövlət investisiya layihəsi çərçivəsində Oğuz rayonunun Astarxanovka, Vladimirovka və Qarabulaq kənlərində yeni su təchizatı infrastrukturları yaradılıb.

Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suya olan tələbatlarını əsasən, çay və bulaq sularını uzaq məsafədən daşımaq hesabına ödəyirdilər. Sakinlər bu sahədəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Oğuz rayonunun kəndlərini keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Balaşüm-Söyüdlü magistral su kəməri seçilib. Layihə çərçivəsində kəndlərdə 20 km magistral və şəbəkə su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün  34 ədəd bulaq quraşdırılıb. Yeni layihənin icrasından Astraxanovka, Vladimirovka və Qarabulaq kəndinin 2000-dək sakini faydalanacaq.  Artıq Astarxanovka və  Vladimirovka kəndlərinə içməli su verilib, Qarabulaq kəndinə isə suyun verilməsi iyun ayının birinci ongünlüyündə təmin olunacaq.

29 km uzunluğunda Balaşüm-Söyüdlü magistral su kəməri rayonun Xaçmaz kəndi yaxınlığındakı bulaq və çay sularından qidalanır. 2012-ci ildə icra edilmiş layihə çərçivəsində sugötürücü qurğular, ümumi tutumu 4600 kubmetr olan 11 ədəd su anbarı, magistral xətlər və paylayıcı su şəbəkələri inşa edilib. Yaradılmış infrastruktur hesabına Oğuz rayonunun Xaçmaz, Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və Baş Daşağıl kəndinin 20 minədək sakininin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb.

2018-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiya layihəsi çərçivəsində Oğuz rayonu ilə yanaşı, Xızı, Ağdaş, Ucar və Masallı rayonlarının 11 kəndində içməli su layihəsi həyata keçiriləcək. Bu layihələrdən 15 min nəfər kənd sakini faydalanacaq.

Bununla yanaşı,  Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunacaq. Bu layihələrdən 30 kəndin 45 min nəfər  sakini faydalanacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top