MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

-2be9bd7a162465136974497554310144035

26 İYUN – AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏRİ GÜNÜDÜR!

44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə rəşadətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində mümkün oldu

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Tarixi varislik ənənəsinə uyğun olaraq ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində ermənilərin zəbt etdiyi şəhər və qəsəbələrimiz bir-birinin ardınca işğaldan azad olundu: Füzuli şəhəri, Horadiz qəsəbəsi, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları… Nəhayət, alınmaz qala, Qarabağın ürəyi, gözəl və qədim Şuşa da düşməndən azad edildi. Müzəffər Azərbaycan Ordusu düşmənin ən möhkəm istehkamlarını qəhrəmancasına darmadağın edərək Qarabağ dağlarının zirvəsini – milli kimliyimiz, qürurumuz, qeyrət və mənliyimizin simvolu olan, 28 il həsrət qaldığımız qədim Şuşamızı, Cıdır düzünü, İsa bulağını, xarı bülbülümüzü öz canı və qanı bahasına yenidən və əbədi olaraq fəth etdi. Bu böyük hərbi qələbə münasibətilə Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanına gedərək, xalqa müraciət etdi. Şuşanın alınması münasibətilə xalqımızı təbrik edən Ali Baş Komandan İlham Əliyev bu məsələyə də toxunmuşdur: “…Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Onu da vurğulamaq vacibdir ki, Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu şəhər o qədər müdafiə cəhətdən əhəmiyyətli, o qədər coğrafi-strateji baxımdan mühümdür ki, noyabrın 8-də məhz Şuşanın azad edilməsi Ermənistanın təslim olması ilə nəticələndi. Strateji yüksəklikdə yerləşən və ermənilər tərəfindən güclü müdafiə sisteminin yaradıldığı bu şəhəri almaq sanki mümkünsüz görünürdü. Lakin müzəffər Azərbaycan Ordusu, igid əsgərlərimiz qeyri-adi şücaət göstərərək, hərb tarixinə düşəcək bir səviyyədə döyüşmüş, yaxın məsafədən əlbəyaxa döyüşlərdə düşmənə qalib gəlmişlər. Prezidentimizin qeyd etdiyi kimi, “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Beləliklə, son 200 il ərzində hissə-hissə torpaqlarını itirmiş olan Azərbaycan nəhayət ki, ərazi bütövlüyünü tam olaraq bərpa etdi. Bu tarixi Qələbədir. Bu Qələbənin icraçısı rəşadətli Azərbaycan Ordusu, onun baş memarı və təminatçısı isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev oldu.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top