23 oktyabr hərracında investor aktivliyi: 19 dövlət əmlakı özəlləşdirildi - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

23 oktyabr hərracında investor aktivliyi: 19 dövlət əmlakı özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən  hərraclarda sadə iştirak prosedurları  hər kəsin evdən, iş yerindən və internetin olduğu məkanlardan prosesə qoşulmasını təmin edir.

Komitədən “Economic”ə verilən məlumata görə, seçdiyi əmlakı elektron formada sifariş verən şəxs və istənilən vətəndaş özəlləşdirmədə   onlayn iştirak imkanından yararlana bilir. Müasir hərracda yaradılan şərait və cəlbedici dövlət əmlakları vətəndaşları sürətli formada dövlət əmlaklarını özəlləşdirməyə həvəsləndirir. Obyektiv və şəffaf mühit isə hərraclarda iştirakçıların sayını artırır, rəqabətli mübarizəni formalaşdırır.

Qeyd edilən bu amillərlə  23 oktyabrda baş tutan hərracda vətəndaş aktivliyi müşahidə olundu. Belə ki, bu dəfə prosesdə ümumilikdə 19 dövlət əmlakı özəlləşdirildi. Onlardan 5-i kiçik dövlət müəssisə və obyekti, 8-i qeyri-yaşayış, 1-i yarımçıq tikili, 5-i isə nəqliyyat vasitəsidir.

Vətəndaşların marağına səbəb olan kiçik dövlət müəssisə və obyektləri respublikanın rayon və şəhərlərində yerləşir. Oğuz şəhərində geniş torpaq sahəsinə malik Tütün anbarının ümumi faydalı sahəsi 1659.2 kv.m-dir. Dövlət əmlakının yenidən qurulması və ya fəaliyyətinin bərpası onu sahibi üçün gəlirli sahəyə çevirə bilər. Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev küçəsində yerləşən Əmlak kompleksi də qazanclı biznes üçün münasibdir. Ümumi faydalı sahəsi 237,2 kv.m olan bu dövlət obyekti torpaq sahəsi ilə birgə özəlləşdirildi. Cəlilabadda Tara müəssisəsi, Mingəçevirdə  yardımçı təsərrüfat, Lənkəranda qeyri-yaşayış binası kimi əmlaklar da bu hərracda öz sahibini tapdı.

Xidmət obyekti kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahələri bu hərracda da vətəndaşları özünə cəlb edə bilib. Paytaxtdakı qeyri-yaşayış sahələri Nəsimi, Səbail və Binəqədi rayonlarında yerləşir. Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracında rəqabətli mühit müşahidə olundu. İlkin qiymət 5 min manat təyin olunan bu obyektə qalib iştirakçı 5 min 100 manat təklif etdi. Rayonlar üzrə özəlləşən qeyri-yaşayış sahələrindən biri Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12/1 ünvanında yerləşir. Ümumi faydalı sahəsi 89.3 kv.m olan bu obyektə iştirakçi 12 min 500 manat təklif etdi.

Avtomobil almaq arzusunda olanlar isə seçimlərini dövlət əmlakları üzrə edərək, hərracda iştirak etdilər. Özəlləşdirilən Daewoo Nexia və Kia Optima markalı nəqliyyat vasitələrinin buraxılış tarixləri 2005-ci ildir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 30 oktyabr tarixində keçiriləcək. Ayın son hərracına ümumilikdə 130 Dövlət əmlakı çıxarılıb. Onlardan 79-u kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir. Hərracda iştirak üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs prosesdə həm iştirakçı qismində qatıla, həmdə ziyarətçi olaraq hərrac gedişini canlı izləyə bilər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top