MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

mushavire-1

2017-ci ilin I rübündə 40 mindən çoxu özəl sektor tərəfindən olmaqla 85 min yeni iş yeri yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Nazirliyin mətbuat xidmətindən economic.az saytına verilən məlumata görə, müşavirədə İqtisadiyyat naziri Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında və qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasının iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, istehsal və ixrac potensialının genişləndirilməsi və s. kimi strateji məsələlərdə mühüm əhəmiyyətini vurğulayıb. Nazir 2017-ci ilin birinci rübünün yekunlarının dövlət başçısı tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdıraraq, qeyd edib ki, dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin iqtisadiyyata təsirini neytrallaşdırmaq, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli islahatlar həyata keçirilir. Bu islahatların əsas istiqaməti məhz qeyri-neft sektorunun inkişafıdır və islahatların uğurlu icrası sayəsində bu sahədə ciddi dönüş əldə edilib, Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin olunub.
mushavire-2Şahin Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, Dövlət İnvestisiya Proqramının tam şəkildə icrası, xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılması, kənd təsərrüfatı və sənaye istehsalının, xüsusilə ixracyönümlü məhsulların həcminin artırılması, hər bir rayonda sənaye zonasının yaradılması, ənənəvi ixrac bazarlarına daha geniş çeşiddə məhsulların çıxarılması və yeni ixrac bazarlarına çıxışın təmin edilməsi, logistik mərkəzlərin yaradılması, aqropark və təsərrüfatların müasir texnologiyalar əsasında qurulması, bölgələrdə məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılmasının davam etdirilməsi və s. tapşırıqlar verib.
Müşavirədə İqtisadiyyat naziri dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədilə makroiqtisadi təhlillərin, dövlət investisiya layihələrinin monitorinqinin aparılması, istehlak bazarına nəzarətin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması imkanlarının araşdırılması barədə Nazirliyin aidiyyəti struktur bölmələrinə konkret göstərişlər verib.
Bildirilib ki, 2017-ci ilin I rübündə 40 mindən çoxu özəl sektor tərəfindən olmaqla 85 min yeni iş yeri yaradılıb. Hazırda özünüməşğulluq səviyyəsinin yüksəldilməsi üçün İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə təkliflər hazırlayır.
Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə sənaye parkları və sənaye zonalarının yaradılması davam etdirilir. Hazırda ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları fəaliyyət göstərir, Mingəçevir və Pirallahı sənaye parklarının təşkili istiqamətində işlər aparılır.
Hazırda 10 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında bu il 5, gələn il isə 2 müəssisə istifadəyə veriləcək. Mövcud layihələr üzrə rezidentlər tərəfindən sənaye parkına 1,2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması və 2000-ə yaxın daimi iş yerinin açılması nəzərdə tutulur. Sənaye Parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixrac ediləcək. Artıq Sənaye Parkının rezidenti olan “Azertexnolayn” müəssisəsi istehsal etdiyi məhsulun 52%-ni ixrac edib.
Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən ən böyük layihələrdən olan “SOCAR Polimer”in iqtisadi əhəmiyyətindən danışan nazir diqqətə çatdırıb ki, bu layihə Azərbaycanda sahibkarlığın inkişafında xüsusi önəm kəsb edir və burada istehsal olunacaq polipropilen və yüksək sıxlıqlı polietilen ixrac olunmaqla yanaşı, yerli müəssisələrin xammala olan tələbatını ödəyəcək. Nəticədə hazırda idxal olunan yüzlərlə adda məhsul ölkə daxilində istehsal ediləcək.
7 hektar sahəni əhatə edən Balaxanı Sənaye Parkında 22 milyon manat investisiya ilə tullantıların təkrar emalı üzrə 5 müəssisənin bu ilin birinci yarısında fəaliyyətə başlaması və bu müəssisələrdə 400-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sənaye Parkının rezidentləri olan “Ekokat” MMC və “Metak” MMC parkın ərazisində test rejimində fəaliyyətə başlayıblar.
Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkına indiyədək 470 milyon dollar investisiya qoyulub ki, bu, 2000 nəfərin daimi işlə təmin olunmasına imkan verir.
Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması gözlənilir. Parkda yaradılacaq müəssisələr üçün xammal bazası, o cümlədən pambıq mahlıcı yerli məhsullar hesabına təmin ediləcəkdir. Bütün bunlar ölkədə ilk dəfə olaraq yüngül sənaye sahəsində klaster yanaşmasının geniş tətbiqinə imkan verəcəkdir.
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı sənayesinin yaradılmasıdır. Bu məqsədlə xüsusi olaraq yaradılmış Pirallahı Sənaye Parkında artıq 2 dərman zavodunun təməli qoyulub. Növbəti zavodun təməlinin isə yaxın vaxtlarda qoyulacağı gözlənilir.
Müşavirədə regionlarda yerli potensiala əsaslanan sənaye zonalarının yaradılması imkanlarının araşdırılması və sənaye parklarının təşkili istiqamətində işlərin davam etdirilməsi barədə müvafiq struktur bölmələrə tapşırıqlar verilib.
Neftçala Sənaye Zonasında 2 müəssisə artıq fəaliyyətə başlayıb, 3 müəssisənin isə bu il fəaliyyətə başlaması nəzərdə tutulur. Masallı Sənaye Zonasının yaradılması istiqamətində müvafiq torpaq sahəsi ayrılıb, layihələndirmə işləri tamamlanıb. Sənaye zonasına sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub.
Nazir Şahin Mustafayev Hacıqabul və Ağdam rayonlarında da sənaye zonalarının yaradılması imkanlarının araşdırılmasının qısa müddətdə başa çatdırılması barədə Nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib.
Müşavirədə bildirilib ki, investisiya təşviqi mexanizmi uğurla həyata keçirilir və indiyədək sahibkarlar tərəfindən verilmiş 140-a yaxın investisiya təşviqi sənədi üzrə 1,2 milyard manatlıq investisiya qoyuluşu və 8 min iş yerinin açılması nəzərdə tutulur. Artıq investisiya təşviqi sənədi verilmiş 45 layihə reallaşdırılıb.
Dövlət başçısının tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi tədbirləri daim diqqətdə saxlanılacaq. Müşavirədə məlumat verilib ki, hazırda 24 rayonda 32 aqroparkın, o cümlədən 12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər aparılır. Bütün bunların qarşıdakı dövrdə qeyri-neft sektorunda istehsal və ixrac potensialını daha da artıracağını vurğulayan iqtisadiyyat naziri bu sahədə işlərin sürətləndirilməsi, sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi barədə tapşırıqlar verib.
Hazırkı dövrdə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, ixrac coğrafiyasının genişləndirilməsi prioritet istiqamətlərdəndir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısı mühüm tapşırıqlar verib. Bu sahədə görülən işlər barədə məlumat verən Şahin Mustafayev bildirib ki, indiyədək “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı Honq Konq da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib. Növbəti ixrac missiyası isə aprelin 23-də Qazaxıstana yola düşüb.
Prezident İlham Əliyevin qeyri-neft ixracatçılarının respublika müşavirəsində ən yaxşı potensial bazar olan ölkələrə ixrac missiyalarının təşkili, dünyanın aparıcı sərgilərində iştirakın təmin edilməsi barədə tapşırıqlarının icrası məqsədi ilə 2017-ci ildə Rusiya, ABŞ və digər ölkələrə ixrac missiyaları təşkil olunacaq, “World Food Moscow”, “Anuga”, “Honq-Konq Beynəlxalq Şərab və Spirtli İçkilər” sərgilərində Azərbaycan məhsullarının vahid ölkə stendində nümayiş olunması təmin ediləcəkdir. Dövlət başçısının tapşırığına əsasən, bir sıra ölkələrlə yanaşı, böyük ölkələrin bölgələrinə də ixrac missiyalarının təşkili istiqamətində təhllilər aparılır.
Bununla yanaşı, ixracın stimullaşdırılması məqsədilə sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3%-dən 6%-dək büdcə vəsaitləri hesabına təşviq verilir. Bu ilin I rübündə İqtisadiyyat Nazirliyinə bu istiqamətdə 84 müraciət daxil olub və Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixrac olunmuş kənd təsərrüfatı və sənaye məhsulları üzrə 520 min manatdan çox ixrac təşviqi ödənilib. Dövlət başçısının ixracın təşviqi üzrə müəyyənləşdirdiyi hədəflərə nail olmaq məqsədi ilə iqtisadiyyat naziri bu istiqamətdə işlərin davam etdirilməsi və daha da genişləndirilməsi barədə Nazirliyin müvafiq strukturlarına göstərişlər verib.
Eyni zamanda, ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi məqsədilə dövlət başçısının müvafiq Fərmanına əsasən, səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin təyin edilməsi ilə bağlı tədbirlərin icrası davam etdirilir, Azərbaycanın ilk ticarət nümayəndəsi qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşımız olan Rusiya Federasiyasına təyin olunub.
Belarusda Azərbaycan Ticarət Evi yaradılması işləri tamamlanmaq üzrədir və bu yaxınlarda fəaliyyətə başlayacaqdır. Ukraynada da bu istiqamətdə işlər aparılır. Müşavirədə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Rusiya, Qazaxıstan, Asiya qitəsi və Körfəz ölkələrində də Azərbaycanın Ticarət Evlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə müvafiq göstərişlər verilib.
Prezident İlham Əliyevin Azərbaycanın xaricdə logistik mərkəzlərin yaradılmasını vəzifə olaraq qarşıya qoyduğunu vurğulayan Şahin Mustafayev bu istiqamətdə araşdırmaların aparıldığını bildirib, işlərin sürətləndirilməsi barədə Nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verib. Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Azərbaycanın xaricdəki ilk Logistik Mərkəzi də məhz qeyri-neft sektorunun inkişafına, ölkəmizin ixrac və tranzit imkanlarının genişləndirilməsinə xidmət edir.
Vurğulanıb ki, Yevlaxda keçirilmiş qeyri-neft ixracatçılarının respublika müşavirəsində Prezident İlham Əliyev meyvə-tərəvəz məhsullarının, fındıq, badam, zeytun yağı, şəkər çuğunduru, ipək istehsalının və ixracının artırılması, pambıqçılığın, tütünçülüyün, xalçaçılığın inkişaf etdirilməsi, yun emalının təşkili, şərab zavodlarının tam gücü ilə işləməsinin təmin olunması, mineral suların ixracının genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına dəstəyin davam etdirilməsi, özünü təminat səviyyəsinin yüksəldilməsi, balıqçılıq sənayesinin yaradılması istiqamətində mühüm vəzifələr müəyyənləşdirib.
Şahin Mustafayev Nazirliyin müvafiq struktur bölmələrinə ixracyönümlü yerli istehsalın dəstəklənməsi istiqamətində tədbirlərin gücləndirilməsi barədə tapşırıqlar verib. Qeyd edilib ki, hazırda şərabçılığın inkişafı və stimullaşdırılması ilə bağlı təkliflər hazırlanır.
Müşavirədə yun tədarükü müəssisələrinin yaradılması ilə bağlı tədbirlərin görülməsi, xalçaçılığın inkişafına xüsusi diqqət göstərilməsi, eləcə də qeyri-neft ixracının artırılmasında əhəmiyyəti nəzərə alınmaqla qablaşdırma sahəsində mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni müəssisələrin yaradılması imkanlarının araşdırılması barədə tapşırıqlar verilib.
Müşavirədə həmçinin, Azərbaycan məhsullarının təbliği məqsədilə xarici KİV-də reklamların yerləşdirilməsi üçün qısa müddətdə tədbirlərin görülməsi barədə İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinə tapşırıqlar müəyyənləşdirilib.
Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi siyasətində mühüm yer tutur. Bununla əlaqədar ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində önəmli işlər görülüb. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib. Hazırda İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr aparılır. Bu layihənin icrasından sonra Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olacaq, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçməklə infrastukturu tam təmin olunacaq. Müşavirədə qeyd edilib ki, ötən ilin dekabrında Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı İrana yola salınıb ki, bu, Azərbaycanın tranzit imkanlarının daha da artırılmasına, eləcə də blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının inkişafına öz töhfəsini verəcəkdir.
Dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında konkret icraçısı və icra müddəti göstərilməklə Nazirliyin struktur bölmələrinə tapşırıqlar əksini tapıb.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top