MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

mm-1

2017-ci ildə dövlət büdcəsinin xərcləri 98,1 faiz səviyyəsində icra edilib

2017-ci ildə dövlət büdcəsinin xərcləri 98,1 faiz səviyyəsində icra edilib.

“Economic” xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı çıxışı zamanı söyləyib.

V.Gülməmmədov bildirib ki, dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş qanun layihəsi və hesabat “Büdcə sistemi haqqında” Qanunun müəyyən etdiyi vaxtda Hesablama Palatasına təqdim edilib və bu sənədlər qanunla təsbit edilmiş tələblərə riayət olunmaqla hazırlanıb. Belə ki, hesabatda bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları, o cümlədən buraxılmış dövlət qiymətli kağızları və verilən dövlət zəmanətləri və dövlət büdcəsinin ehtiyat fondunun, Azərbaycan Prezidentinin ehtiyat fondunun vəsaitlərindən il ərzində istifadə, məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında məlumatlar əks etdirilib, qanun layihəsində gəlirlərin mədaxil mənbələri üzrə icrasının məbləği, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi nəticəsində yaranan itki məbləği, funksional təsnifata uyğun olaraq xərclərin icrasının məbləği, dövlət büdcəsinin kəsirinin həddinin məbləği, həmçinin cari il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında qalıq məbləği göstərilib.

Hesablama Palatasının sədri qeyd edib ki, bunlarla yanaşı, hesabatın məlumatlılığının yüksəldilməsi ilə bağlı hələ də potensial istiqamətlər mövcuddur. Belə ki, büdcə-vergi siyasətinin əsas prioritet istiqamətləri, dövlət proqramları üzrə hesabat ilində həyata keçirilmiş tədbirlər, dövlət borcunun strukturu, vergi gəlirlərinin icra bazası, həmçinin icmal büdcənin tərkib komponentlərinə dair ətraflı məlumatların dövlət büdcəsinin icrası ilə bağlı hesabata daxil edilməsi nəticəliliyin qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi baxımından müsbət addım olardı.

Ümumiyyətlə, dövlət büdcəsi son illərdə müşahidə edilən maliyyə böhranının səngiməsi ilə xarakterizə oluna bilən dövrdə icra edilib. Belə ki, dünya üzrə ÜDM 2017-ci ilin sonuna gözlənilən artımdan bir qədər çox olub, respublika üzrə isə ÜDM-in həcmi real ifadədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artıb. Bir çox makroparametrlərin müsbət meyilləri, ümumilikdə, dövlət büdcəsinin əsas parametrlərinin icrasına öz təsirini göstərib.

Bildirilib ki, 2017-cı ildə dövlət büdcəsinin gəlirləri 98,5 faiz səviyyəsində icra olunub, gəlirlərin ÜDM-ə nisbəti 23,5 faiz təşkil edib. ÜDM-in nominal həcminin əvvəlki dövrlə müqayisədə artması, dövlət büdcəsi gəlirlərinin isə müvafiq dövrlə müqayisədə azalması əvvəlki illə müqayisədə bu göstəricinin 5,5 faiz bəndi azalması ilə nəticələnib.

Ümumiyyətlə, 2017-ci il dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbə üzrə proqnoz tam icra edilib, 7 mənbə üzrə isə proqnoz tam həcmdə yerinə yetirilməyib. Hesabat ilində ümumi büdcə gəlirlərinin 46,8 faizi birinci yarısında, 53,2 faizi isə ilin ikinci yarısında daxil olub.

2017-ci ildə gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə 151 faiz, ən aşağı icra səviyyəsi isə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlər üzrə 42,9 faiz səviyyəsində müşahidə edilib. Son illərdə dividentlər üzrə icra səviyyəsinin aşağı olması, bir sıra tədbirlərin, xüsusilə vergi-büdcə siyasətində nəzərdə tutulmuş tədbirlərin sürətləndirilməsini tələb edir.

Hesabat ilində “Büdcə sistemi haqqında” Qanunun 19.5-cı maddəsinin tələblərinə əsasən vahid xəzinə hesabının qalığı Dövlət Neft Fonduna idarəetməyə verilib, bu idarəetmədən dividendlər hesablanib, lakin “Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi” Qaydalarının tələblərinə tam riayət edilməyərək, əldə olunan gəlirlər hesablaşma hesabına köçürülməyib, dövlət büdcəsi daxilolmalarının “sair gəlirləri”ndə uçota alınmayıb.

Dövlət büdcəsi gəlirlərinin tərkibində büdcədənkənar daxilolmalar da aşağı icra səviyyəsi ilə xarakterizə olunur. İllər üzrə dinamika, həmçinin aparılmış nəzarət tədbirləri bu sahədə proqnozların tərtibi zamanı mövcud potensialın nəzərə alınmasının, icrası zamanı isə həmin potensialın reallaşdırılması üçün fəaliyyətin gücləndirilməsinin zəruri olduğunu qeyd etmək imkanı verir.

Dövlət büdcəsinin formalaşmasında iştirak edən qurumlara gəldikdə isə, proqnoz məbləğləri Vergilər Nazirliyi üzrə 91,2 faiz, Dövlət Gömrük Komitəsi üzrə 115,9 faiz səviyyəsində yerinə yetirilib. Hesabat ilindən əvvəlki illərlə müqayisə göstərir ki, hesabat ilində Vergilər Nazirliyi xətti ilə təmin olunan gəlirlər azalıb, Dövlət Gömrük Komitəsi xətti ilə təmin olunan gəlirlərin həcmi isə artıb.

Hesablama Palatasına təqdim edilmiş məlumatların təhlili göstərir ki, dövlət büdcəsinə təmin olunan gəlirlər üzrə 2017-ci ilin sonuna yaranmış artıq ödəmə məbləği 2016-cı illərlə müqayisədə 4,4 faiz çoxalıb.

Hesabat ilində əvvəlki iki illə müqayisədə mərkəzləşdirilmiş və yerli gəlirlər üzrə azalma müşahidə edilsə də, 2017-ci ilə müəyyən edilmiş proqnozlar mərkəzləşdirilmiş gəlirlər kəsirlə, yerli gəlirlər isə artıqlaması ilə icra olunub. Qeyd edilənləri, həmçinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımı almadan xərclərini öz gəlirləri hesabına maliyyələşdirmiş şəhər və rayonların sayının 33-ə çatmasını regionların inkişafına dövlət başçısının ayırdığı diqqətin bir nəticəsi kimi qiymətləndirməliyik.

2017-ci ildə dövlət büdcəsinin xərcləri 98,1 faiz səviyyəsində icra edilib, ilin sonunda büdcə təşkilatları tərəfindən istifadə edilməyərək dövlət büdcəsinə qaytarılan qalıq təqribən 90 milyon manat məbləğində olub.

Hesabat ilində ümumi büdcə xərclərinin 46,6 faizi ilin birinci yarısında, 53,4 faizi isə ilin ikinci yarısında icra edilib. İcra edilmiş xərclərin 27,3 faizi ilin son rübünün payına düşüb, əvvəlki ildə bu göstərici 40,2 faiz idi, ümumiyyətlə isə dekabr ayı üzrə icra edilmiş xərclər ümumi xərclərin 12,1 faizini, 2016-cı ildə 21,5 faizini təşkil edib.

Hesabat ilində həyata keçirilmiş 8954 satınalma ilə ümumilikdə 4424,1 milyon manat məbləğində müqavilə bağlanılıb. Əvvəlki ildən fərqli olaraq 2017-ci ildə satınalmalar sayı ilin birinci və ikinci yarısında bərabər paya malik olub.

Təqdim edilmiş məlumatların təhlili göstərir ki, il ərzində 7630 satınalma müsabiqəli şərtlərlə keçirilib. Bir mənbədən keçirilən satınalmaların cəmi sayda xüsusi çəkisi 14,8 faiz olmasına baxmayaraq müqavilələrin məbləğinin 59,3 faizi bu metodun payına düşüb.

Hesabat ilində funksional təsnifatın bölmələrinin ümumi xərclərində “Sənaye, tikinti və faydalı qazıntılar”, “Ümumi dövlət xidmətləri”, “Müdafiə”, “Sosial müdafiə və sosial təminat” bölmələri daha böyük çəkiyə malik olub.

Funksional bölmələrin icra səviyyəsinə gəldikdə isə, “Sosial müdafiə və sosial təminat” bölməsi 100,1 faiz səviyyəsində icra edilib. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərin 2017-ci ilin iyul ayının 1-dən qüvvəyə minməsi maliyyə vəsaitinə əlavə tələbat yaradıb, əhaliyə ödənilən pensiyaların vaxtında maliyyələşdirilməsi məqsədilə Nazirlər Kabinetinin 21 dekabr il tarixli 879s nömrəli Sərəncamı ilə DSMF-na transferin məbləğinin 33,0 milyon manat artırılıb.

Həmçinin Nazirlər Kabinetinin eyni sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna 22 milyon manat məbləğində büdcə ssudası verilməsi tapşırılıb. Milli Məclis tərəfindən təsdiq edilən 2017-ci üçün həm ilkin, həm də yenidən baxılmış dövlət büdcəsində ssuda verilməsi nəzərdə tutulmayıb. Qeyd olunan büdcə ssudası sərbəst qalıq vəsaitlərindən verilmiş və ilin sonunda geri qaytarılıb.

Ümumiyyətlə, hesabat ilində “Ehtiyat fondları” köməkçi bölməsi üzrə təsdiq edilmiş 301500 min manat məbləğ il ərzində 99050 min manat və ya 32,9 faiz artırılmaqla dəyişdirilib və 400550 min manat müəyyən edilib. Dövlət büdcəsinin Ehtiyat Fondu üzrə imzalanmış Sərəncamların 14-ü və ya 21,5 faizi məhz dekabr ayı üzrə olub. Eyni zamanda, Dövlət Büdcəsinin Ehtiyat Fondu üzrə icra edilmiş vəsaitin 51 faizi yalnız dekabr ayının payına düşür.

2017-ci il dövlət büdcəsinin icrasına dair rəydə hesabat ilində 127 qurum üzrə büdcə vəsaitləri ilə bağlı hesabat məlumatlarının təhlilindən istifadə edilib. Həmin məlumatlar 2017-ci il dövlət büdcəsi xərclərinin 74 faizini əhatə edib.

Bu hesabatların təhlili əsasında büdcə xərclərinin icrasına təsir edən vacib amillərdən biri qurumların debitor və kreditor borcları ilə bağlıdır.

Büdcənin icrası dövründə debitor borcların, yəni, qabaqcadan ödənişin həcmi böyük məbləğ təşkil edib və öz aktuallığını saxlayıb. Debitor borcların həcmində əvvəlki illə müqayisədə çox kiçik azalma baş verib. İqtisadi təsnifat üzrə təhlil göstərir ki, bəzi xərcləmələr üzrə debitor borcun həcmi həmin maddələr üzrə təsdiq edilmiş cəmi məbləğin 25-35 faizi səviyyəsindədir.

Diqqətə çatdırılıb ki, dövlət büdcəsinin gəlir və xərcləri arasında fərqi ifadə edən dövlət büdcəsinin kəsiri təsdiq olunan yuxarı həddən 8,3 faiz az olub. Dövlət büdcəsi üzrə kəsirin ÜDM-ə nisbəti 1,5 faiz təşkil etməklə 2016-cı ilin göstəricisindən 1,4 faiz bəndi yüksək olub.

Büdcə kəsirinin 54,4 faizi vahid xəzinə hesabının qalığı, 9,9 faizi özəlləşdirmədən daxilolan vəsait, qalan 35,7 faizi isə daxili və xarici borclanma hesabına maliyyələşdirilib.

2017-ci ilin sonuna dövlət borcunun ümumi məbləği 17 milyard manat, 2017-ci il üzrə ÜDM-ə nisbəti 24,3 faiz, adambaşına düşən borc isə manat ifadəsi ilə 1718,3 manat təşkil edib. Ümumi dövlət borcu məbləğinin 93,9 faizi xarici dövlət borcuna, 6,1 faizi daxili dövlət borcuna aid olub.

Fiskal dayanıqlılığın təmin edilməsində əsas şərt olan borc dayanıqlılığını xarakterizə edən göstəricilərin təhlili göstərir ki, ümumilikdə bu istiqamətdə ölkəmizin mövqeyi qənaətbəxşdir. Hesabat ilində daxili borcun ÜDM-ə faiz nisbəti 1,5 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin ixraca nisbəti 6,4 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin dövlət büdcəsinin gəlirlərinə nisbəti 9,2 faiz təşkil etməklə qəbul edilmiş sərhədlərdən də aşağı olub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top